“Ölkəmizdə mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının icrası prosesi davam etdirilir və bu proqramın dayandırılması məsələsi müzakirə olunmur”.
Bunu Teleqraf.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib.
Elman Babayevin sözlərinə görə, hazırda Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) aztəminatlı ailələrin bu proqramdan məmur müdaxiləsi olmadan, tam şəffaf şəraitdə faydalanmalarını təmin edir: “Vətəndaşlar “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə “Ərizə-bəyannamə”ni dolduraraq sistemə daxil etməklə kifayətlənirlər. Elektron qaydada edilən e-müraciətlərə VEMTAS tərəfindən elektron qaydada baxılaraq qərar qəbulu prosesi tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilir”.
Nazirlik rəsmisi bildirib ki, bəzən vətəndaşlar İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təmin olunmasına yönələn proqramı əsas götürərək bu proqramın icrası nəticəsində ünvanlı dövlət sosial yardımı proqramının dayandırılacağını düşünürlər:
“Bununla əlaqədar bildiririk ki, işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təmin olunmasına yönələn proqram həmin şəxslər üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidi təmin edir. Məqsəd dövlətin dəstəyi ilə həmin insanların potensial imkanları müqabilində ailə bizneslərinin formalaşdırılmasına, beləliklə, yaşayış səviyyələrinin yaxşılaşdırılmasına şərait yaratmaqdır.
Nəticədə belə ailələr dövlətin sosial yardımından asılı olmadan, öz zəhmətləri ilə gəlirlərini artıracaq, eyni zamanda təsərrüfatlarını inkişaf etdirməklə gələcəkdə yeni iş yerlərinin açılmasında da iştirak edəcəklər.
Lakin bu işlər ünvanlı dövlət sosial yardımı proqramının dayandırılacağına dəlalət etmir. Belə ki, özünüməşğulluq proqramına cəlb edilmək üçün müvafiq potensialları olmayan ailələrin ünvanlı dövlət sosial yardımları ilə təmin edilməsi prosesi davam etdiriləcək. Yəni hər iki proqram - həm özünüməşğulluq, həm də ünvanlı dövlət sosial yardımı proqramları paralel şəkildə davam edəcək”.
Elman Babayev qeyd edib ki, ünvanlı dövlət sosial yardımlarının ödənişində hər hansı gecikmə halı özünü göstərmir: “Digər sosial ödənişlər kimi, bu yardımların ödənişi də plasik kartlar vasitəsilə vaxtlı-vaxtında həyata keçirilir”.
İlhamə ƏBÜLFƏT