28 Oktyabr 2016 21:53
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Gürcüstanda səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tbilisidə bir sıra rəsmi şəxslərlə görüşlər keçirib, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Tbilisin mərkəzindəki Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar abidəsi”ni ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan nümayəndə heyətini qəbul edib. Gürcüstanın dövlət başçısı Azərbaycanla siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın strateji xarakter daşıdığını bildirib. Gürcüstanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini qeyd edən G.Marqvelaşvili belə səfərlərin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafına və strateji tərəfdaşlığın daha da möhkəmlənməsində əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb, Gürcüstanda keçirilmiş demokratik parlament seçkiləri münasibəti ilə cənab Giorgi Marqvelaşvilini təbrik edib, bu seçkilərin xalqın rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın daha da inkişafına xidmət edəcəyini qeyd edib.

Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə keçirilmiş görüşündə Gürcüstanın dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğu, ölkələrimizin iqtisadi maraqlarının üst-üstə düşdüyü vurğulanıb, hər iki ölkənin iştirakı ilə reallaşdırılan layihələrin xalqlarımızın rifahına və dövlət maraqlarına xidmət etdiyi qeyd edilib, strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcəyinə əminlik vurğulanıb.

Bildirilib ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bütün məsələlərdə, xüsusilə də ölkələrimizin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birini dəstəkləyir.

Görüşdə həmçinin, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa və əlaqələrin daha da genişləndirilməsinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

Tbilisiyə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dmitri Kumsişvili ilə də görüşüb.

Ş.Mustafayev Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə də uğurlu əməkdaşlığın həyata keçirildiyini və əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, uğurla həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi həm də mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə imkan verir. 2017-ci ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi üçün xüsusilə əhəmiyyətlidir. Azərbaycan və Gürcüstanın birgə tarif siyasəti nəticəsində tranzit yükdaşımaları əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin nəqli 4 dəfə, avtomobil nəqliyyatı ilə yükdaşımalar 2,3 dəfə artıb. Azərbaycan və Gürcüstanın birgə layihəsi olan “Enerji körpüsü” uğurla həyata keçirilir. 1995-2016-cı illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 mlrd. dollar investisiya yatırılıb, 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub. Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan şirkəti qeydiyyatdan keçib. “SOCAR Georgia” son bir neçə ildə Gürcüstanda ən çox vergi ödəyən şirkətdir.

Görüşdə hər iki ölkənin böyük turizm imkanlarının olduğu vurğulanıb və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin, görüşdə qarşılıqlı investisiya qoyuluşu, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, ikitərəfli ticarətin təşviqi ilə bağlı işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.


Müəllif:

Oxşar xəbərlər