Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin nəticələri qlobal iqtisadiyyata sürətli təsir göstərib. Donald Trampin prezident seçilməsi dünya fond bazarlarını, maliyyə və əmtəə birjalarını təlatümə gətirib. Neft ucuzlaşıb, qızıl bahalaşıb, dollar zəifləyib.
Mövcud durumu Teleqraf.com-a iqtisadçı İlham Şaban şərh edib.
İlham Şabanın sözlərinə görə, 2016-ci ilin əvvəlindən Amerika analtiklərinin apardığı sosioloji sorğular, siyasi təhlillər Hillari Klintonun qələbəsi üzərində qurulmuşdu: "Seçkilər başa çatdı, Donald Tramp qalib gəldi. Fond birjalarının gözlədiyi baş vermədiyi üçün əks-reaksiya özünü gözlətmədi. 4 saat içərisində fond birjalarında təxminən 1,5, neftin qiymətində isə 3,3 faiz çöküş baş verdi.
Bir qədər sonra neft 46 dollar həddindən yüksələ bildi. Artıq bu gün neft 48 dollar olub. Fond birjaları qırmızı xətti yaşıl xətlə əvəz etdi.
Donald Tramp ilk çıxışında bildirdi ki, mən Amerika prezidenti olanda çalışacam ki, hər bir iş sülhlə yoluna qoyulsun. Bu, sakitləşdirici mesaj idi. Fond birjalarını qırmızı xətdən yaşıl xəttə keçirən əsas motiv budur”.
Ekspert hesab edir ki, neftin bundan sonrakı qiymətinin Donald Tramp faktoru ilə heç bir əlaqəsi olmayacaq: "Neftin qiyməti xeyli dərəcədə noyabrın 30-da OPEC-in zirvə toplantısında kvotaların aşağı salınması və yeni kvotaların tətbiq olunmasından asılıdır. Amerikada neft ehtiyatlarının həcmi, qazma qurğularının sayı, hasilatın, idxalın artma və azalması, OPEC və neft ölkələrinin neft hasilatı ilə bağlı qərarları qiymətləri müəyyənləşdirən əsas amillər sırasındadır.
Amerikada nefti çıxaran dövlət şirkəti yoxdur. Orada neftin 75 faizini kiçik və orta özəl şirkətlər hasil edir ki, bu da Amerikanın böyük uğurudur. ABŞ iqtisadiyyatının dünyada ən güclü olmasının əsas səbəbi ölkədə ümumi daxili məhsulun 80 faizinin özəl şirkətlərin payına düşməsidir”.
İlham Şabanın proqnozuna görə, FED dekabr ayında uçot dərəcələrini artıracaq: “Təbii ki, bu, bahalı dollar deməkdir. Avronun kursu 1,9-a düşüb. Yəni, avro və dollar qarşılıqlıdır. Amma 2 il əvvəl avro dollara qaşı 1.35 idi. Bundan əlavə, Çində dəmir və polad istehsalı 2 dəfə aşağı düşüb. Faktiki olaraq infrastruktur layihələri həyata keçirilmir. Deməli, enerjiyə tələbat da zəifləyir. Çin kimi ölkə qazın və neftin idxalını azaldır. Bütün bunlar qlobal məsələlərdir.
Dünya ölkələri biri-birinə çox bağlıdır. 2009-cu ildən bəri dünya iqtisadiyyatında orta hesabla 2,9 faiz artım baş verir. Bu il üçün 2,8 faiz, gələn il üçün isə artım tempinin 2,7 faizə kimi zəifləməsi gözlənilir. 2018-ci ildə bu rəqəm daha aşağı, belə desək, heç 2 faizə çatmaya bilər... Bu, enerjinin qiymətlərinə də təsir göstərə bilər”.
İqtisadçının fikrincə, gələn il neftin qiyməti 50 dollardan yuxarı ola bilər: “Bu il neftin orta qiyməti 43 dollardır. Proqnozlara görə, gələn il üçün 20 faizdən çox artım nəzərdə tutulub. Neftin qiyməti 50 dollardan yuxarı ola bilər. Amma olacaqmı? Bütün proqnozlarda xətalar var.
Məsələn, bu il üçün neftin orta qiymətinin 60 dollar olacağı proqnozu səslənmişdi. Noyabrın ilk həftəsini bitirmişik, amma neftin orta qiyməti heç 49-a çatmayıb. Proqnoz vermək, statistika ilə oynamaq bir şeydir, reallıq isə tamam başqadır”.
İlham Şaban ölkələr arasında ticarət əlaqələrinin getdikcə zəiflədiyini də önə çəkir: “Çin limanlarında yükdaşımaların səviyyəsi o qədər azalıb ki, limanların layihə gücünü, arada olan boşalmaları götürsək, ümumilikdə Yaponiyanın, Cənubi Koreyanın, Rusiyanın ümumi limanlarının gücünə bərabərdir. Getdikcə ölkələr arasında ticarət əlaqələri zəifləyir”.
İlhamə ƏBÜLFƏT