12 Noyabr 2016 16:35
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada dolların məzənnəsi dünən, noyabrın 11-də 66 rubl həddini ötüb. "Report" xəbər verir ki, dolların məzənnəsi son dəfə cari ilin avqust ayının 4-də 66 rubldan baha olub.

Rublun ucuzlaşmasına ABŞ-dakı prezident seçkilərindən sonra dolların qlobal valyuta bazarında möhkəmlənməsi və neft qiymətlərinin 45 dollar/bareldən aşağı düşməsi amilləri ilə bağlıdır. Belə ki, seçkilərdə respublikaçı namizəd Donald Trampın qələbə qazanması inkişaf etməkdə olan ölkələrin yerli valyutalarının məzənnəsini kəskin ucuzlaşdırıb. Ümumiyyətlə, azsaylı istisnalar olmaqla, ABŞ dolları dünyanın əksər valyutaları ilə müqayisədə güclənib. Buna səbəb, Trampın proteksionist iqtisadi siyasət tərəfdarı olması və ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmasını dəstəkləməsi göstərilir.

D.Trampın Çin mallarına qarşı tətbiq etməsi gözlənilən əlavə idxal gömrük rüsumları ilə bağlı açıqlaması yuanın son günlər dollarla müqayisədə kəskin ucuzlaşmasına səbəb olub ki, bu amil də bütün dünya valyutalarına, o cümlədən rublun məzənnəsinə mənfi təsir göstərib. Dolların möhkəmlənməsi öz növbəsində neft qiymətlərinin də azalmasına səbəb olub. Qlobal neft hasilatının oktyabrda sürətlə artaraq 97,8 mln. barel/günə yüksəlməsi neft qiymətləri üzərində təzyiqləri daha da artırıb.

"Report"un analitik qrupu FES-in dekabrın 13-14-də keçiriləcək növbəti iclasına qədər dolların möhkəmlənməsi prosesinin davam edəcəyini, neftin isə OPEC-in Vyana sammitindən (30 noyabr) sonra daha da ucuzlaşacağını ehtimal edərək dolların məzənnəsinin 70 RUB/USD həddini aşacağını proqnozlaşdırır.


Müəllif:

Oxşar xəbərlər