Dünyada 2,5 trilyon barel texniki çıxarıla bilən neft ehtiyatı qalıb və bu, 2050-ci ilədək bütün dünyada tələbatın ikiqat ödənilməsi üçün kifayətdir.
"Report" xəbər verir ki, bu barədə BP-nin baş iqtisadçısı Spenser Deylin bəyanatına istinadən "MarketWatch" məlumat yayıb.
"Mənim neftlə bağlı fikrim həmişə belə olub: bizim 2011-2014-cü illərdə şahidi olduğumuz 100–110 dollarlıq qiymət səviyyəsi tarazlıq baxımından təbii görünmür. Bu, özlüyündə həmin vaxt mövcud olan bir çox problemlərin törəməsidir. Xüsusilə, "ərəb baharı" səbəbindən tədarüklərdə yaranan əhəmiyyətli problemlər", — deyə Deyl çərşənbə günü Londonda "Petroleum Week" konfransının nümayəndələrinə BP-nin 2017-ci il üçün proqnozlarını (2017 Energy Outlook) təqdim edərkən bildirib.
"Texniki çıxarıla bilən neftin bəzi barellərinin heç zaman hasil edilməyəcəyi mənə daha inandırıcı gəlir. Bunun nə əhəmiyyəti var? Bu ona görə vacibdir ki, o, neft bazarlarının xarakterini köklü şəkildə dəyişə bilər", — deyə o əlavə edib.