18 Aprel 2017 18:07
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt və regionlarda qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı ilə bağlı konkret müşavirələrin keçirilməsində əsas məqsəd iqtisadi reputasiyanın sürətlənməsinə və ölkənin ixrac qabiliyyətinin artırılmasına nail olmaqdır.

Aprelin 17-də Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. Prezident bildirib ki, Azərbaycanda iqtisadi sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf edib, ölkənin ixrac potensialı artıb. Azərbaycan yeni iqtisadi modelə keçib, bundan sonrakı dövrdə ölkə iqtisadiyyatı islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcək.

Prezident qeyd edib ki, Azərbaycanda biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək verilir. Azərbaycanda düşünülmüş siyasət, güclü iradə və ardıcıl fəaliyyət regionların sürətli inkişafını şərtləndirən əsas amillərdir. Azərbaycan öz iqtisadi potensialını şaxələndirib, hazırda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 65 faiz təşkil edir.

Qeyri-neft sektorunun inkişafı və sözügedən müşavirə ilə bağlı fikirlərini Teleqraf.com-un əməkdaşı ilə bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, qeyri-neft ixracatı Azərbaycan üçün prioritetdir. Onun sözlərinə görə, ölkə qeyri-neft sektorunu dəstəkləməklə, eləcə də ixrac qabiliyyətini artırmaqla neftdən asılılığı aradan qaldırmağı hədəfləyir: “Nəzərə almaq lazımdır ki, artıq postneft dövrü başlayıb, eyni zamanda neftin dünya bazarındakı qiyməti ilə bağlı proqnozlar fərqlidir. Eyni zamanda neqativ proqnozlar da var. Bu baxımdan ölkədə qeyri-neft sektorunun inkişafı prioritetdir. Azərbaycan birmənalı şəkildə qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəflərə nail olması istiqamətində addımlarını genişləndirir. Bu kontekstdə təbii ki, müşavirə kifayət qədər əhəmiyyətli mövzuya həsr olunmuşdu. Söhbət, Azərbaycanın postneft dövrünün qeyri-neft ixrac qabiliyyətinin artırılmasından gedir. Bu, Azərbaycan üçün çox vacib məsələdir”.

V.Bayramov qeyd edib ki, bu kontekstdən yanaşdıqda əvvəla, müşavirənin mövzusu Azərbaycan üçün vacib və əhəmiyyətli bir mövzudur: “Eyni zamanda ölkə prezidentinin sədrliyi ilə belə müşavirələrin keçirilməsi Azərbaycanda qeyri-neft ixracının dəstəklənməsi ilə bağlı siyasi iradənin olmasından xəbər verir. Təbii ki, hədəf birmənalı şəkildə qeyri-neft ixracının dəstəklənməsinə və ixrac potensialının artırılmasına nail olmaqdan ibarətdir. Bu mənada təbii ki, müşavirə və müşavirədə müzakirə edilən məsələ Azərbaycanda neftdən asılılığın aradan qaldırılması, iqtisadi diversifikasiyanın sürətləndirilməsi baxımından vacib hesab olunmalıdır. Gözlənilir ki, müşavirədə qaldırılan məsələlərin reallaşdırılması nəticə etibarilə Azərbaycanın qeyri-neft iqtisadiyyatının artırılmasına gətirib çıxaracaq”.

Müsahibimiz onu da bildirib ki, bu gün qeyri-neft ixracatının gücləndirilməsi və artırılması ilə bağlı Azərbaycanın ciddi potensialı var: “Azərbaycan praktiki olaraq mövcud potensialından tam olaraq istifadə etmir. Yalnız kənd təsərrüfatı və qida məhsulları deyil, digər, o cümlədən sənaye məhsullarının da ixrac imkanlarının artırılmasına ehtiyac var. Bu mənada müşavirə həm ixrac olunan qeyri-neft məhsullarının məhsul çeşidinin genişləndirilməsi, həm də ənənəvi deyil, fərqli bazarlara çıxış imkanlarının əldə edilməsi baxımından vacib bir tədbir idi. Güman edirəm ki, bu müşavirə nəticə etibarilə Azərbaycanın qeyri-neft ixracatının artırılması və mövcud potensialdan daha geniş istifadə üçün yeni imkanlar yaradır”.

Səxavət HƏMİD


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər