7 Avqust 2017 12:14
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir, Moskva yenidən pisləşmiş makro-iqtisadi göstəricilər sindiromu ilə üz-üzə qala bilər.

Teleqraf.com xəbər verir ki, bu fikirlə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib.

Onun sözlərinə görə, sanksiyaların tam reallaşacağı halda Rusiya əsas regional layihələrdə iştirakdan mərhum olmaqla, bu ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək:

“Təbii ki, bu kontekstdən rublun kursu yenidən gündəmə gəlməkdədir. Aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarında da təsirsiz ötüşməyəcək. Buna görə də, sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq.

Rəsmi statistikaya görə, neftin dünya bazar qiyməti düşdükdən sonra xarici valyuta ehtiyatlarını təxminən 88 milyard dollar itirərək 343 milyard dollar ehtiyata malik olan Rusiya Mərkəzi Bankının da intervensiya imkanları uzun müddətli zaman üçün yetərli deyil.

Digər tərəfdən, 529 milyard dollarlıq xarici borcu olan Rusiyada borc öhdəlikləri rezervlərdən 34 faiz çoxdur. Bu isə Rusiyada “sığorta yastığının” çox həssas olduğundan xəbər verir”.

Ekspert bildirib ki, Rusiyada 2017-2019-cu illər üçün orta hesabla 1.3 faiz iqtisadi artım proqnozlaşdıran beynəlxalq maliyyə qurumları isə bu qənaətə yeni sanksiyalardan öncə gəliblər: “Şimal qonşumuzun makro-iqtisadi göstəricilərinin təhlili deməyə əsas verir ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətin olacaq. Təbii ki, hələlik sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyi gözlənilir. Bu baxımdan xarici valyutaya tələb artsa da, Moskva rublu müəyyən müddət qorumağa çalışacaq.

Amma sankiyaların tam gücü ilə tətbiq olunacağı, xüsusən də Avropa Birliyininin əsas dövlətlərinin bu qadağalara qoşulacağı halda ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər”.

Vüqar Bayramov qeyd edib ki, Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan Azərbaycan üçün də arzuoluna deyil:

“Çünki bu, Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq, bu təsirləri qiymətləndirmək çətin olmaz.

Ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan deyil. Bu baxımdan, Rusiyaya tətbiq edilən yeni sanksiyalardan sonra Azərbaycan Mərkəzi Bankı rubl ilə bağlı bədbin ssenarilərin valyuta bazarımıza təsirini minimumlaşdırmağa öncədən hazır olmalıdır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər