Prezident İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub.
Teleqraf.com xəbər verir ki, ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatının dinamik inkişafı üçün etibarlı zəmin yaradılıb. Bütövlükdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etməsi də dövlətin aqrar sahəyə diqqətinin növbəti əyani göstəricisi idi. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə artıq ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə yeni sitrus bağlarının salınması xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, hazırda Lənkəranda 680 hektarda “Hallabonq” növlü yeni sitrus bağları salınıb.
Diqqətə çatdırıldı ki, rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən bu növ sitrus bağından ötən il 1,5 ton məhsul yığılıb. Bu il isə Sütəmurdov kəndi ərazisində əlavə 3, Siyavər kəndində isə 5 hektar sahədə yeni sitrus bağları salınıb.
Məlumat verildi ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 100 hektardır. Hazırda ərazidə Koreya Respublikasından gətirilən 45 min “Hallabonq” sitrus meyvəsinin ağacları əkilib.
Dövlətimizin başçısına yetişdiriləcək meyvələrin və onlardan hazırlanan məhsulların nümunələri təqdim olundu. Bildirildi ki, hazırda suvarma damcı üsulu ilə həyata keçirilir və çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən “Hallabonq” sitrus bağlarında yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr istehsal olunacaq və məhsuldarlıq hektarda orta hesabla 35-45 ton təşkil edəcək. Bu da yerli növlərdən 2-3 dəfə çoxdur. Tədarük olunacaq meyvələrdən təzə halda və sənayenin qida, qənnadı, kosmetik, ətriyyat və digər sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi planlaşdırılır. Rayonda fəaliyyət göstərən “Gilan Holding”in Lənkəran konserv zavodunda daxili bazarda satış üçün meyvə şirəsi istehsal olunacaq.
Prezident İlham Əliyevə məlumat verildi ki, 100 hektar sitrus təsərrüfatından, ümumilikdə, 4 min ton məhsul götürülməsi nəzərdə tutulub. Gələcəkdə təsərrüfatın 500 hektaradək genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması istiqamətində hazırlıq işləri aparılır.
Təsərrüfatda, ümumilikdə, 200 nəfər işlə təmin olunub.