25 Aprel 2014 10:56
3 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmilər bunu quraqlıqla əlaqələndirir, ekspert isə əkinçilikdə suyun düzgün idarə olunmadığını bildirir.

Azərbaycanın bölgələrində əkin sahələrində suyun idarə olunması ilə əlaqədar fermerlərin ciddi problemi var. Xüsusən, taxılçılıqla məşğul olan fermerlər suvarma məsələsində çətinliklər çəkirlər.

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə mütəxəssisi Vahid Məhərrəmovun bildirdiyinə görə, aprelin 15-dək Azərbaycanın Tovuz, Şəmkir rayonlarında Qazax-Gəncə və şimal bölgələrində, eləcə də aran rayonlarında fermerlərlə görüş olub. Yerli əhali taxıl sahələrinin suvarılması ilə bağlı ciddi problemləri olduğunu bildiriblər: "Onların taxıl sahələrində oktyabrın sonlarından əkin aparılıb, payızda əkin suvarılmalı idi, amma hələ indiyədək taxıl sahələrinə birinci suyu vura bilməyiblər.

Bir tərəfdən fermerlər əkin zamanı keyfiyyətli toxumdan istifadə edə bilmir, bir tərəfdən vaxtlı-vaxtında suvarma aparmır, bir tərəfdən də bu bitkilər mineral gübrələrlə qidalanmadığına görə taxıl sahələrində ciddi şəkildə seyrəklik müşahidə olunur. Bu sahələr yağışın ümidinə qalıb. Fermerlər suvarma suyu əldə edə bilmirlər və ciddi narahatlıq içərisindədirlər".

Vahid Məhərrəmov onu da bildirdi ki, xüsusən, şimal bölgəsində Rusiyadan gələn Samur çayı ilə bağlı dövlətlərarası müqavilənin bağlanmasında dəyişiklik olduğuna görə çaydan suvarma üçün ayrılan payda azalma yaranıb: "Quba-Xaçmaz fermerləri bildirdilər ki, bir neçə il öncə Samur çayı ilə bağlı Rusiya ilə bağlanan müqavilənin müddəti uzadılıb, amma suvarma suyunun həcmi azaldılıb. Aprelin 15-dək faktiki olaraq suvarma üçün su verilmir".

Çınqıl zavodları çay suyunun həcmini azaldır

Vahid Məhərrəmov bildirdi ki, çınqıl zavodlarının salınması da çaylarda suyun həcmini azaldır: "Şəmkir rayonunda Zəyəmçayda çınqıl zavodları istifadəyə verilib. Bu çayın əkin üçün nəzərdə tutulan hissəsindən çınqılların yuyulmasında istifadə olunur. Eləcə də şimal bölgəsində çınqıl istehsal etməklə çayların yatağını aşağı salıb suyun həcmini azaldırlar. Bu məsələlərə də nəzarət yoxdur. Su itkiyə gedir".
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, məsələ ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən Əbdürrəhim Hacıyevlə danışdıq. O, bildirdi ki, Samur çayının suyunun bölüşdürülməsi ilə əlaqədar 2010-cu ildə Rusiya ilə Azərbaycan hökuməti arasında müqavilə imzalanıb. Müqaviləyə görə, çay suyunun 30,5 faizi ekoloji baxımdan Xəzər dənizinə axıdılmalı, yerdə qalan su Azərbaycanla Dağıstan arasında bərabər bölüşdürülməlidir: "İndiyə kimi çay suyunun 75 faizini biz götürürdük. Yeni sazişə görə isə şərtlər dəyişdi. Hazırda 50 faizlə biz əkin sahələrimizə su veririk".

"Qarı əridib fermerlərə su verməliyik?!"

Əbdürrəhim Hacıyev dedi ki, aprelin 15-dən başlayaraq əkin sahələrinə su verilir, indiyədək verilməməsinin səbəbini isə belə izah etdi: "Samur çayının fərqi o biri çaylarla müqayisədə bambaşqadır. Çünki bu çay buzlaqlardan qidalanır. Digər çaylarda yayda su olmur, yazda su olur, bunda isə əksinədir. Qış aylarında da Samur-Abşeron kanalında su olmur və kanal təmirə bağlanır, mart ayının 15-ə kimi suvarmanın rejim planına görə suvarılma aparılmır.

Digər tərəfdən, Samur çayı nizamlanmayan çaydır, üzərində su anbarı da yoxdur. Hava sərin olanda qar ərimir, su az gəlir. Yalnız aprelin axırında orada su olur. Çayda su yoxdursa, fermerlərə su haradan verilməlidir? Qarı əridib, su verəsi deyilik ki?! Fermerlər növbəli əkin etməlidir".

ASC rəsmisi dedi ki, Samur-Abşeron kanalında suyun itkiyə getməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: "İtki az olsun deyə Samur-Abşeron kanalı beton üzlüklüdür, əgər su həyətlərə gedən torpaq kanallarda, əkin sahələrdə itkiyə gedirsə, onun bizə nə aidiyyəti var?"

Çaylarda su qıtdır

Əbdürrəhim Hacıyev onu da vurğuladı ki, bu il quraqlıq ili olduğundan ümumiyyətlə çaylarda su qıtdır: "Hidrometeoroloqların verdiyi məlumata görə, bu ilki qar ehtiyatı ötən illə müqayisədə azdır, ona görə çaylarda su qıtdır. Bu il quraqlıq ilidir, təbii fəlakətdir Araz çayında vəziyyət daha pisdir. Ötən ilkinin 30 faizə qədəri qar ehtiyatı var. Mövcud vəziyyətlə bağlı İran hökuməti ilə ikitərəfli görüşlər keçirilir. Araz su anbarında 1 milyard 254 kub metr həcmdə su normasıdır, 908 milyon su yığılıb. Bu sudan da istifadədə İranla Azərbaycan bərabər hüquqa malikdir. Kürdə də anbarın səviyyəsi aşağı olduğuna görə "Azərenerji" suyu az buraxır.".

Vahid Məhərrəmov isə bildirdi ki, suvarma kanallarında sızma halları müşahidə edib: "Kanallardan sızma var və su itkiyə gedir. Hətta kanaldan gedən suyun bir hissəsi çirkab suyla birləşib Bakıya gələn şollar suyuna çirkləndirir".

Artezian quyuları çox azdır

Ekspert bildirdi ki, su qıtlığının qarşısını almaq üçün artezian quyularının qazılması üçün əhaliyə şərait yaradılmalıdır: "Sistemli şəkildə suya olan tələbatın ödənilməsi həyata keçirilməlidir. Hansı su mənbələri var, həcmi neçə kub metrdir, nə qədər əkin sahələri üçün bu kifayət edə bilər? Bu sualların cavabı yoxdur. Artezian quyularının sayı çox azdır. Bizdə kifayət qədər olan maliyyə vəsaiti su təminatında düzgün təyinatı ilə işlənməsə, artezian quyuları qazılıb istifadəyə verilməsə, keyfiyyətli toxum istehsal edilməsə, gübrə təminatı olmasa, kənd təsərrüfatının idarə edilməsi yaxşılaşdırılmasa, problemi həll etmək mümkün olmayacaq".

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər