Azərbaycan 190 ölkənin biznes mühitini qiymətləndirən növbəti “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlib.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, ötən il ərzində davam etdirilən islahatların nəticəsi olaraq, Azərbaycan 6 göstərici üzrə mövqeyini yaxşılaşdırıb. Belə ki, oktyabrın 31-də açıqlanan “Doing Business 2018” hesabatında Azərbaycan “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, “Əmlakın qeydiyyatı” göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, “Vergilərin ödənişi” göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, “Müqavilələrin icrasının təmin edilməsi” göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, “Müəssisənin bağlanması” göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci pilləyə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 3 pillə irəliləyərək 102-ci pilləyə yüksəlib.
Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilib. Belə ki, Azərbaycan “Doing Business 2018” hesabatında Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilib.
Belə ki, “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 25 aprel 2017-ci ildə Mülki Məcəlləyə edilmiş dəyişikliklər, “Kreditin əldə edilməsi” göstəricisi üzrə “Kredit büroları haqqında” 28 oktyabr 2016-cı il tarixli qanunun qəbul edilməsi, “Müqavilələrin bağlanması” göstəricisi üzrə məhkəmə ödənişlərinin “Hökumət Ödəniş Portalı” vasitəsilə elektron qaydada həyata keçirilməsinin tətbiqi, “Müflisləşmənin həlli” göstəricisi üzrə “Müflisləşmə və iflas haqqında” qanuna edilmiş 25 aprel 2017-ci il tarixli dəyişikliklər “Doing Business 2018” hesabatında Azərbaycanın həyata keçirdiyi islahatlar kimi xüsusi qeyd olunub.
Hesabatda Azərbaycan “Kiçik investorların maraqlarının qorunması” (10), “Biznesə başlama” (18), “Əmlakın qeydiyyatı” (21), “Vergilərin ödənilməsi” (35), “Müqavilələrin icrasının təmin edilməsi” (38), “Müəssisənin bağlanması” (47) göstəriciləri üzrə reytinqdə ilk 50 ölkənin sırasına daxil edilib.
Qeyd edək ki, “Doing Business” Dünya Bankı tərəfindən hazırlanan və dünyada biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu beynəlxalq hesabatdır.