SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin Baş ofisində “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, qonaqları səmimi salamlayan R.Abdullayev SOCAR-ın layihələrindən söhbət açıb, hər zaman müasir texnologiyaların tətbiqində maraqlı olduqlarını bildirib. Səmimi qəbula görə təşəkkürünü bildirən “DeGolyer and MacNaughton” şirkətinin prezidenti Con Villas dünya neft sənayesinin inkişafında Azərbaycan neftçilərinin xüsusi yer tutduğunu qeyd edərək, SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Sonra SOCAR və “DeGolyer and MacNaughton” (ABŞ) şirkəti arasında “Yataqların işlənmə prosesinin səmərəliyini və SOCAR-ın neft-qaz yataqlarında hasilatı artırmaq üçün təhlil və texniki dəstək” üzrə müqavilənin imzalanma mərasimi keçirilib. Müqaviləni SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “DeGolyer and MacNaughton” şirkətinin baş vitse-prezidenti Martin Çarls Vieviorovski imzalayıblar. Müqaviləyə əsasən “DeGolyer and MacNaughton” şirkəti SOCAR-ın mövcud və uzun müddət istismar olunan yataqlarında neft və qaz obyektlərinin səmərəli idarə olunması istiqamətində xidmətləri yerinə yetirəcək. Bu məqsədlə ABŞ şirkəti 20 yataq üzrə işlənmə planlarını təhlil edəcək, hasilat səviyyəsini və neftvermə əmsalını yüksəltmək, neftçıxarma xərclərini azaltmaq, təcili strateji hədəfləri müəyyən etmək üçün tövsiyələr hazırlayacaq və həyata keçirilməsində iştirak edəcək.
Tədbirdə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov iştirak ediblər.
Qeyd edək ki, dünyada neft və qaz sektorunda qabaqcıl sevris xidmətləri göstərən şirkət kimi tanınmış “DeGolyer and MacNaughton” 1936-ci ildə təsis edilib. Şirkətin əksər mütəxəssisləri dünyanın qabaqcıl upstrim şirkətlərində, eləcə də kiçik və orta miqyaslı müstəqil şirkətlərdə təcrübə keçmiş peşəkarlardırlar. Şirkət Rusiyanın və Qazaxstanın onlarla yatağında müvafiq işləri yerinə yetirmiş və müsbət nəticələrə nail olub.