Azərbaycanda özəlləşdirmə ilə bağlı geniş bir proqramın qəbul olunmasına ehtiyac var.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, dövlətin əlində böyük resuslar, istehsal və hasilat vasitələri var:
“Bunlardan effektiv istifadə olunmur. Bu aktivlər bir çox hallarda dövlət büdcəsinin üzərində yük kimi qalır. Ona görə də Azərbaycanda özəlləşdirmə ilə bağlı geniş bir proqramın qəbul olunmasına ehtiyac var. Amma ayrıca su elektrik stansiyalarının özəlləşdirməsi ilə bağlı qərar veriləcəyini düşünmürəm. Məsələn, paylayıcı şəbəkələrin uzun müddətli icarəyə verilməsi ilə bağlı qərar qəbul edilsə, daha doğru olar. Çünki bu sahənin özəl şirkətlərə tapşırılması vətəndaşların daha yaxşı, keyfiyyətli kommunal xidmət almasına səbəb ola bilər.
Kommunal xidmət sahələrində bir problem yaşanan kimi vətəndaşla dövlət üzbəüz qalır”.
Ekspert bildirib ki, kiçik elektrik stansiyalarının özəlləşdirilməsi maraqlı təcrübə olacaq:
“Onların özəlləşməsi həm də şəbəkəyə aid olacaq. Çünki şəbəkənin dövlət, kiçik SES-lərin isə özəl sektorda olması dövlətin paylayıcı şirkəti ilə özəl istehsalçı şirkət arasında münasibətlərin tənzimlənməsi üçün yeni qaydalara və qanunlara ehtiyac yaranacaq. Nəticədə köklü və ciddi qanun dəyişiklikləri baş verəcək. Fikrimcə, doğru addımdır”.
Natiq Cəfərli qeyd edib ki, yalnız kiçik SES-lərin deyil, bir çox sahələrdə özəlləşdirmənin olması vacibdir:
“Bu sahədə vətəndaş-dövlət münasibətlərindənsə, özəl sektor-vətəndaş münasibətlərinin olması düzgündür. Çünki özəl şirkətlə vətəndaş arasında tənzimləyici müqavilələrin olması, vətəndaşın məhkəmə yolu ilə öz hüququnu qoruya bilməsi daha məntiqlidir”.
Qeyd edək ki, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında Azalternativenerji MMC-nin baş energetiki Tahir Cəfərov Azərenerji ASC-nin idarəetməsində olan kiçik su elektrik stansiyalarının özəlləşdirilməyə çıxarıla biləcəyini deyib.
Xatırladaq ki, hazırda “Azərenerji”nin idarəetməsində 6 kiçik su elektrik stansiyası var.