2017-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 12 137,5 milyon manat, büdcə xərcləri isə 11 015,5 milyon manat təşkil edib.
Bu barədə Teleqraf.com-a ARDNF-dən məlumat verilib.
Ötən il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 053,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 030,0 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 17,9 milyon manat təşkil edib.
2017-ci il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 083,6 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəliri 876,2 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 100,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılıb.
17,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 949,5 milyon manat Mərkəzi Bankına transfert edilib. "Star" neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılıb. 2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat təşkil edib.
2018-ci il yanvarın 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 8,02% artaraq 35 806,5 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub.