İradə Tuncay
Bir az kədər var elə bil bu sözdə. Hicr, hicran, həsrət, ayrılıq ... Və bu ayrılıq təkcə bir insandan aralanıb getməyi ehtiva eləmir özündə. Kədərli sözdü mühacir. "Miqrant" hadisənin semantikasın bu qədər açmır. Savaş, etnik münaqişə, aclıq... dərd, bir sözlə. Mühacir sözündə isə həm qəlb ağrısı var, inciklik var, anlaşılmamaq var, siyasi çalarlar var...
Bütün dinlərin bir hicrət anlayışı var. Hamısı gedib bu yolnan. Xalqları da öz peyğəmbərləri ilə birlikdə. Əgər olubsa, əgər varsa və əgər olacaqsa labüddü insan üçün? Bu yolnan getmək tərəqqi gətirəcək? Ya tar-mar olacaq hər şey ? İkisi də var...
***
Tarixdə yadımda qalanlara təkrar ekskurs eləmək istədim. İndi hamının nəfəslik kimi gördüyü Avropa həmişə belə tolerant, abad, rifahı gözəl olmayıb ki... Volter Fransadan İsveçrəyə, Russo İsveçrədən Fransaya qaçıb. Orda da köçlər olub... Ən böyük köç şübhəsiz Amerikanın kəşfindən sonra yaşanıb. Nəzərə alsaq ki, o vaxt heç Amerikada da həyat rahat və firavan deyildi - Avropanın durumunu yalnız təsəvvür eləmək olar. Zənginlərin həyatından söz getmir təbii...
"İrlandiyalı yalnız öz ölkəsinin hüdudlarından kənara çıxanda dəyərli olmağa başlayır. Vətənindəki iqtisadi və intellektual şərtlər fərdlərin özəlliyinin üzə çıxmasına mane olur. Özünə hörmət edən hər kəs sanki Əyyub peyğəmbərin sınaqlarından keçən bu ölkədən qaçmağa çalışır". Bunu Ceyms Coys deyir... İrlandiyadan kənarda şöhrət tapmış yazıçı... Amma bütün əsərlərində bir İrlandiya var mütləq.
İrlandiya Amerikaya böyük sayda miqrant bəxş etmiş ölkələrdən biridi. Onların Yeni dünyaya uyğunlaşması, orda yurd-yuva qurması özü də ağır sınaq idi. Vətənindəki ingilis həqarətindən can qurtarmağa çalışanlar burda da yaşamaq uğrunda savaşa qatıldılar. Həqarətlər də olduğundan daha artıq idi... İrlandiyalı demək - əyyaş, dalaşqan, kriminal demək idi. Əli bir yerə çatanlar isə - rüşvətxor sayılırdı mütləq. Uzun müddət iş elanlarında belə cümlə yazılırdı: "No İrish need apply!!!" Yəni, İrlandlar özlərinə əziyyət verməsinlər. İşə götürülməyəcəklər...
Anqlosakson irq onları vəhşi qəbilələrə, meymunlara bənzədirdilər. Halbuki öz Avropalısı idi. Gün gəldi və bu toplum Bəyaz Saraya öz nümayəndəsini göndərdi... Yaraşıqlı adam idi Con Kennedi - meymuna oxşamırdı...
***
İndi Suriya köçü ilə iç-içə yaşayan Türkiyə isə hələ 18-ci əsrdə, Osmanlı dönəmində "Mühacirin kanunnamesi" adlı qanun qəbul edib. Səbəb Krım müharibəsi və ondan sonra gələn məğlubiyyətlər, torpaq itkiləri və yerli əhalinin yeni xristian hakimiyyətə tabe olmamaq istəyi, öz torpaqlarından qaçması ilə bağlı idi. Qəribədi ki, Osmanlı imperiyasına sığınanlar yalnız müsəlmanlar deyildi. Rus kilsəsinin islahatlarından, Macarıstan, Çexiya, Polşada inqilablardan sonra təqiblərdən qaçanlar da Osmanlının bayrağı altında yaşamağı seçmişdilər. Ən böyük mühacir dalğası isə Qafqaz müharibəsindən sonra gəldi - milyondan çox insan gürcü və kazakların terrorundan qaçdı. İndiyə qədər həmin mühacirlərin nəsillərinə "çərkəzlər " deyirlər. Halbuki nə qədər kiçik etnik qruplar vardı o gələn qaçqınların içində.
***
Osmanlı dövləti mühacirləri Rumeli və Anadoluda yerləşdirib torpaq verdi, bir neçə illik vergidən və hərbi mükəlləfiyyətdən azad etdi. Deməli, bu gün humanizm prinsipləri ilə iş görənlər üçün bir nümunə varmış tarixdə. Əsil səbəblər haqqında isə fərziyyə yürütmək olar...
***
Sonradan Osmanlı dağılanda da ordan nə qədər adam Şərq ölkələrinə mühacirət etdi. Sanki dövr edir insan cəmiyyəti - Şərq, Qərb, Şimal, Cənub...
***
İyirminci əsrdə İran coğrafiyasında iki dəfə böyük köç yaşandı - 1946-da və 1979-da. Hər ikisi inqilablarla bağlı. Əgər 46-cı ildə gələnlər əsasən Sovet respublikalarında yerləşdilərsə, 79-un mühacirləri Avropa və Amerikada məskunlaşdılar. İkinci dalğa miqrantların əksəriyyəti elmin bütün sahələrində ehtiyac duyulan mütəxəssislər idi. Və bu gün hətta fizikanın önəmli qollarında İran alimlərinin imzası var. Amerika bu alimlərdən öz xeyrinə çox istifadə edir. Bu adamlar öz vətənlərinə də xidmət edə bilərdilər. Vətən sahib çıxsaydı əlbət...
***
Uzun illər "Böyük Oktyabr İnqilabı " dediyimiz hadisə ərəfəsində Rusiya həm də böyük qalxınma, tərəqqi, mədəni inqilab yaşayırdı. Həmin dövrü azacıq da olsa araşdıranlar bunu bilir - bizim yaşıdlar dərslikdən də öyrəniblər. Qarışıq zaman idi - Avropa Rusiyada baş verənləri diqqətlə izləyirdi. Yeni Çarın taxta çıxması ilə siyasi həyatda bir az yumşalma da müşahidə olunurdu. Xalqın xilaskar - ata adlandırdığı, dəmir iradəli III Aleksandrdan sonra II Nikolay zəif, hakimiyyətə yad biri kimi qəbul olunurdu. Hələ tacqoyma mərasimi zamanı Xodınka çölündəki hadisədən sonra xalq ona "Qanlı" deməyə başladı. Çariçanı isə alman casusu hesab edirdilər. Halbuki tarixən Romanovların hamısı alman knyazları ilə qohum olmuşdular. Nikolay ilk deyildi. Və ölkədə çara qarşı ən böyük müxalifət elə öz yaxın ətrafı idi. Tarixçilərin yazdığına görə, II Nikolay taxt-tacdan imtina sənədini imzalayanda qohumları seviniblərmiş. Qarşıda onları nələr gözləyirmiş bir bilsələr ...
***
Və qırmızı terrorun başlamağını gözləmədən böyük bir axın ölkəni tərk etməyə başlayır. İlk vaxtlar hamı bunun müvəqqəti olduğunu, Qərbin Rusiyaya dayaq olacağını düşünür. Amma Qərb həmişəki rejimindədir - dovşana qaç, tazıya tut. Həm Denikinə, Vrangelə, Kolçaka silah verir, həm də Qızıl Orduya. Kim daha güclü olsa razılaşacaq...
***
İlk mühacirlər İstanbulda yığışırlar. İstanbul həmin vaxtlar keçid məntəqəsi durumundadı. Qaçqınların bir hissəsi həmişəlik qaldı orda, bir hissə isə Avropaya getdi ümidləri kəsiləndən sonra. (Bir haşiyə çıxım. Mühacir şairimiz Almaz İldırımın oğlu Azər Elmas Çar ordusunun polkovnikinin qızı ilə evli idi. Katerina idi adı).
***
Bulqakovun çox əsərində həmin dövr parlaq təsvir olunub ,"Qaçış" dramında isə hər detalı ilə zavallı insanların faciəsi verilir. Pyesi oxumayanlar bəlkə də filmə baxıblar. Süqut edən ordu, ideya naminə qurbanlar, zəngin həyat tərzindən səfalətə sürüklənmə, generalların əl açıb dilənməsi, tarakan yarışı keçirib çörək pulu qazanan əsilzadələr... Bunlar gerçək idi. Avropada da restoranlarda qabyuyan, ofisiant kimi çalışıb güzəranlarını təmin edənlər çox olub.
***
İlk baxışda pyes rus emiqrantların taleyini əks etdirir. Amma müəllifin məqsədi başqadı. Vətəndaş müharibəsini hərtərəfli göstərmək, "qırmızı"ların da, "ağ"ların da mübarizəsini qiymətləndirmək və bu müşahidələrində neytral qalmağa çalışmaq. Nə qədər mümkünsə. Əsərin cövhəri də elə budu - həyat boyu onu təqib edən mənasız səbəblərdən qaçışı bitirə bilər insan. Pyesdə təsvir olunan variantların heç birin ideal saymır - nə qətlləri, nə intiharı, nə məkan dəyişməyi. Sadəcə, zamana uzaqdan baxır... Və insan həyatı bahasına başa gələn bütün ideya qantökmələrini inkar edir!!! Cinayət edən cəzasın çəkməlidi ... Hara getsən də özündən qaça bilməyəcəksən. Əsərin qəhrəmanı generalın sözü:
-Yox, yox... Məni bu işlərə qarışdırdığınız üçün nifrət edirəm sizə. Hanı bəs müttəfiq orduları? Hanı Rus imperiyası? Bu qədər gücsüz olduğunuz halda niyə onlarla mübarizəyə qalxdınız ? Nəticəsiz olduğunu bilə-bilə məcbur olan insan necə nifrət edər, anlayırsız???
***
Nə qədər gerçək həyatdan götürülmüş olsa da, Bulqakovun yazdığı ədəbiyyat idi. Yaşam isə mühacirlər üçün öz axarında davam edirdi...
***
Vətəndən uzaqda, yad ellərdə məğlub, sınmış ordu düşünün. Əli silahlı, döyüşkən, amma heç nəyə izni olmayan. Vəziyyət çox gərgindi. Hərbçilər xatirələrində qeyd edirlər ki, "Fiziki məhrumiyyətlərdən də daha ağırı siyasi hüquqsuzluğumuz idi. Antanta ölkələrinə aid kiçik bir məmurun özbaşınalığından kimsənin sığortası yox idi. Hətta paytaxtları işğal altında olan türklər də bizimlə çox yuxarıdan danışırdılar".
***
Məhz buna görə Vrangel ordunu slavyan ölkələrinə aparmağı qərara almışdı. Bu sərgərdan gedişlər sonradan bir çox ölkələrdə mühacir ittifaqlarının yaranmasına səbəb oldu. Bir ucu Çindən başlamış ta ərəb ölkələrinə qədər, Amerika qitəsinə qədər diasporalar formalaşdı. Düşüncə etibarı ilə fərqli insanlar idi bu mühacirlər - bəziləri monarxist, bəziləri liberal. Harda yaşam sürdürməyin öz möhürü var insan düşüncəsində. Bəzən məcbur olub da yalan deyirsən, əqidəndən imtina edirsən.
***
Və bu mühitdə mühacir gənclər arasında təzadlı və eklektik (yəni çox cərəyanları özündə birləşdirən, seçici, qarışıq) ideologiya daşıyıcıları da yetişir. Münhendə "Gənc ruslar" ittifaqı yaranır. İttifaqın lideri Aleksandr Lvoviç Kazem-Bek olur. Bu məqamın üstündə bir az dayanmalı olacam. Çünki uzaqdan da olsa bizə aidiyyəti var. Hə, doğru düşündünüz. Aleksandr məşhur şərqşünas Mirzə Kazım bəyin nəticəsidi. Soy adındakı "Kazem-Bek " məni arxasıyca getməyə məcbur etdi.
***
Əslində məşhur həmyerlimiz də mühacir idi. Baxmayaraq ki, həmin vaxt hamı böyük imperiyanın təəbəsi idi - amma dünya indiki qədər kiçik deyildi. Dərbəndlə Kazan arasında bir aləm vardı. Dedim axı, bəzən insan öz düşüncələrini gizlətməyə məcburdu. Ən azından məqsədlərinə çatmaq üçün də olsa. Mirzə Kazım bəy yaşadığı mühitin gerçəklərinə uymalı olmuşdu, xristianlığı qəbul etmişdi və ancaq bu şəkildə universitetdə professor titulunu qazana bilmişdi. Mirzə Kazım bəy nə cahil Şərq mühitində, nə soyuq Şimalda "vətəndaş" ola bilməzdi. İçində yaşayan, içində mühacirətdə olan biriydi...
***
Amma mövzudan uzaqlaşmayaq, Aleksandr Kazem-Bek 16 yaşından "Ağ hərəkat"a qoşulub mühacirlərlə birlikdə dünyanı dolaşmışdı. İstanbul, Salonik, Belqrad, Münhen, Paris, San-Fransisko, Dehli ... Bu bioqrafidə yazılanlardı. Yaratdığı ittifaqın təməlində monarxizm, rus millətçiliyi, pravoslav fundamentalizmi, avrasiyaçılıq, italyan faşizminə rəğbət, nasional-sosializmə maraq və sovet quruluşuna hörmət vardı. Və nəticədə "Gənc ruslar" ittifaqının şüarı - Çar və Sovetlər olmuşdu. Siyasi işiylə əlaqədar Mussolini və Hitlerlə də görüşmüşdü. Sonradan faşistlərlə danışıq alınmayanda Fransadan Amerikaya qaçmaq məcburiyyətində qalmışdı. Yell universitetində dərs demiş və həmin dövrdə bütün fəaliyyətini Sovet hökumətinin siyasətini dəstəkləməyə sərf etmişdi. 50-ci illərdə Cəvahirləl Nehrunun bacısının dəvəti ilə Hindistana köçmüşdü. Əsas məqam isə bundan sonra başlayır - Sovet hökumətinə müraciət edib vətənə qayıtmaq üçün izn istəyir. İcazə verirlər. Moskvaya qayıdır, ömrünün sonuna qədər orda yaşayır. Mən bunların təsadüf olduğuna, Kazem-Bekin sonda doğru yola qayıtdığına inanmıram. Məncə, elə əvvəldən o, Sovet xüsusi xidmət orqanlarına çalışıb. Vaxtında bu cavan oğlanı "ələ keçirə" biliblər. Nə gözəl ... Ağıllı adama rast gəlib. Anlayıblar lazımlı olduğunu... Və doğru təyinat verə biliblər...
***
Bir haşiyə də çıxım. 70-ci ildə bizim mədəniyyət xadimləri Fransaya səfərə getmişdi. Atam da bu nümayəndə heyətinin tərkibində olmuşdu. Bəzi görüşlərindən danışmışdı mənə, əslində yazı da yazmışdı. Bizim əski mühacirlərdən birinin oğlu gəlib görüşüb onlarla. Professor Abbas Zamanovun məktublaşdığı biriymiş. Atam deyirdi - yekə kişi necə ağlayırdı bizi görəndə...
***
Amma sonra mən həmin görüşü özümçün təhlil edəndə bəzi fikirlərə vardım. Təsəvvür edin, 70-ci illər, KQB dünyanı qorxu içində saxlayır və Parisin ortasında bir azərbaycanlı mühacir gəlib açıq-açığa öz həmvətənləriylə görüşür??? Ola bilməz... İcazə vardı... Ağıllı adamlar vardı...
***
İndi dünya çox kiçilib. Bir telefona sığacaq qədər. Amma dünyanın böyük qüvvələrı yenə var. Qüvvə nisbəti dəyişsə də var. Müharibələr də var, iqtisadi sanksiyalar da var. Yenə miqrasiya var. İndiki miqrantlar yalnız ideoloji səbəblərin əsiri deyil. Hər kəslə onun anlayacağı dildə danışa biləcək ağıllı adamlar lazımdı. Sənin ordan, mənim burdan qışqırmağımızla düşmən kor olası deyil...
Ən çətin olan budu. Anlamaq və öz qəlbinin dərinliyinə mühacirət etmək... Kədərli sözdü mühacir...
Qohum da soyuyur, dost da soyuyur,
Gedən unudulur, gedən unutmur...
Qərib ürəyində bir səs uyuyur,
Vətən unudulmur, Vətən unutmur...