Ekoloji qanunvericiliyin pozulması ilə bağlı görülən tədbirlər istənilən səviyyədə nəticə vermirsə, cərimə sanksiyalarının məbləğini artırmaq barədə düşünməyə məcburuq.
Bu sözləri Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, ekoloji qanunvericiliyin tələblərini pozaraq, tikinti aparan, eləcə də digər infrastruktur işləri həyata keçirən hüquqi və ya fiziki şəxs xərclədiyi vəsait miqdarında cərimələnsə, qanunu pozmaqdan çəkinəcək: “Yəni qanunu saya salmayan şəxs tutalım, 5000 manat cərimə olunacağını bilsə, tullantı sularının axıdılması problemini aradan qaldırmaq üçün aidiyyəti quruma özü müraciət edər”.
Mirsalam Qənbərovun sözlərinə görə, ekoloji qanunvericiliyin pozulması ilə bağlı bütün məsələlər - tullantı suları, bərk məişət tullantıları, sənaye mənşəli, neft amili və digər istehsalat xarakterli tullantılara nəzarət Ekologiya Təbii Sərvətlər Nazirliyinin diqqətindədir: “Nazirlik təsərrüfat mənşəli tullantıların düzgün idarə olunmaması ilə bağlı hökumətə və aidiyyəti qurumlara özünün inzibati qaydada həyata keçirdiyi tədbirlər haqqında məlumat göndərib. Bu cür ekoloji problemlərlə rastlaşmamaq üçün bütün mümkün tədbirlər görülür.
Aidiyyəti dövlət qurumları ekoloji qanunvericiliyin qorunması üçün kompleks tədbirlər həyata keçirməlidir. İnsanlar ev inşası zamanı kommunikasiya məslələrini həll etməyə çalışmalıdırlar. Qanunvericiliyə, normativ standartlara, hüquqi aktların tələblərinə əməl olunmalıdır”.
Nazirlik rəsmisi qeyd edib ki, daha yüksək cərimə sansksiyalarının tətbiqi üçün qanunvericilik buna icazə verməlidir: “Kompleks tədbirlər çərçivəsində hökumətə və müvafiq qurumlara müraciətlərimiz var. Bu tədbirlərin içərisində cərimə sanksiyalarının artırlması da öz əksini tapıb”.
Qeyd edək ki, Milli Məclisdə çıxışı zamanı vitse-spiker Valeh Ələsgərov ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarının artırılmalı olduğunu bildirib.