Rusiya Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-a açıqlamasında bunun pis nəticə olmadığını vurğulayıb. O qeyd edib ki, bu, 8 ölkə arasında orta yerdə qərarlaşmaq deməkdir:
“Hökumət tərəfindən büdcəyə baxıldıqda hər il bu məsələ də nəzərdən keçirilir və dövlət başçısı tərəfindən bu məqsədlə müəyyən fərmanlar, sərəncamlar imzalanır. Çox yüksək səviyyədə olmasa da hər il əməkhaqqında müəyyən faiz miqdarında artımlar olur. Xüsusən inflyasiya nəzərə alınır. Yəni, bu məsələ öz həllini tapır. Əlbəttə, istərdik ki, maaşlar yüksək olsun. Ancaq yüksək maaşlar, maaşlara artımlar müəyyən problemlər yarada bilər. Amma bu iş sistematik şəkildə aparıldıqda dövlət ciddi problemlə üzləşmir. Ona görə də bizdə həm orta aylıq əməkhaqqı məsələsi, həm yaşayış minimumunun, həm də ehtiyac meyarının tətbiq edilməsi sahəsində vəziyyət qənaətbəxşdir. Dövlət hər il müəyyən miqdarda da olsa artımlar etməklə istəyir ki, insanların sosial vəziyyətində problemlər olmasın. Yəni, əməkhaqqının artımı ilbəil həyata keçirilir”.
V.Əhmədov qeyd edib ki, hazırda müəllimlərin, həkimlərin əməkhaqqının artımı fərqli üsullarla həyata keçirilir:
“Attestasiya keçirilir. Attestasiyadan keçən müəllim və həkimlərə əlavə əməkhaqqının tətbiqedilməsi baş verir. Yəni, əməkhaqlarının artırılması ilə əlaqədar Azərbaycanda bu proses həyata keçirilir. Mən demirəm ki, yüksək səviyyədədir, ancaq MDB-də 4-cü yerdə olmaq pis nəticə deyil. Əlbəttə, biz daha da öndə olmaq istəyərdik. Yəqin ki, tədricən buna da nail olunacaq”.