28 Sentyabr 2018 07:56
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Azərbaycan iqtisadi əlaqələri son zamanlar çox sürətlə inkişaf edir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi hər il təxminən 30-35 faizədək artır:

“Ancaq eyni zamanda nəzərə almaq lazımdır ki, bu iqtisadi əlaqələr daha çox inklüziv formada inkişaf edir. Yəni, daha çox qeyri-neft sektoru, texnologiyalar, kənd təsərrüfatı, aqrar sektor, istehsal, xidmət ixracı, turizm və sair cəhətdən baxsaq əlaqələr kifayət qədər zəngin və çoxçeşidlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu günədək Rusiya iqtisadiyyatına 1 milyard, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollara yaxın investisiya qoyub. Onu da nəzərə alaq ki, Azərbaycan Rusiyanın cənub bölgəsinə – Şimali Qafqaza ən çox investisiya yatıran ölkədir. Bizim qeyri-neft ixracımızın təxminən 35, eyni zamanda istehsal etdiyimiz kənd təsərrüfatı məhsullarının ixracının 90 faizə yaxını Rusiyanın payına düşür. Rusiya ilə Azərbaycan arasında daha çox inteqrasiyaya, daha çox informasiya axınına və daha çox iki ölkənin biznes subyektləri arasında müasir biznesin tələb etdiyi şəkildə əməkdaşlıq formalarının yaranmasına ehtiyac var. Bu məsələ də regionlararası forumda müzakirə olunan əsas məsələlərdən biridir”.

T.Mirkişili əlavə edib ki, Azərbaycan hazırda Rusiyanın kənd təsərrüfatı məhsulları ixrac etdiyi ölkələr arasında beşinci yerdə dayanır:

“Biz bu siyahıda Türkiyə, Braziliya, Çin kimi ölkələrdən geri qalırıq. Bizim həmin ölkələrlə rəqabət aparmağımız əslində qısa müddətdə nail olduğumuz böyük göstəricidir. Eyni zamanda bu rəqəmi artırmaq kimi bir perspektiv mövcuddur. Məsələn, bu gün Rusiyanın illik kimya sənayesi məhsulları idxalının həcmi təxminən 27 milyard dollardır. Biz isə Rusiyaya il ərzində cəmi 12 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edirik. Bu, çox cüzidir. Nəzərə almaq lazımdır ki, bizim kimya sənayesi məhsullarının ixracı potensialımızın həcmi böyükdür. Hazırda Azərbaycanda yeni kimya müəssisələri yaradılır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının indiki mərhələsi dəyər yaradan mərhələdir. O zaman Rusiyanın rolu, Rusiya bazarı bizim üçün çox önəmli olacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər