Mən regional inkişafla bağlı konfransların birində bəzi kənd təsərrüfatı məhsullarının istehsalını, istehlakını sadalayarkən özüm də o arayışı görəndə təəccüb etdim ki, biz xaricdən zeytun idxal edirik. O zeytun ki, bizdə, Abşeron yarımadasında hər tində bitə bilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında kənd təsərrüfatında vəziyyətlə bağlı danışarkən bildirib.
Prezidentin sözlərinə görə, məsələ ilə əlaqədar çox ciddi göstəriş verilib ki, yeni zeytun bağları salınsın, onların suvarılması təmin edilsin və Azərbaycanda zeytun yağı istehsalı təşkil olunsun.
“Bu günə qədər olan istehsal bizi qane edə bilməzdi. Mənim bu istiqamətdə göstərişlərim yerinə yetirilir və son bir neçə il ərzində yeni zeytun bağları salınıb. Yüzlərlə, bəlkə də minlərlə hektar sahələrdə yeni zeytun bağları salınır. Bizim istehsalımız artır, zeytun yağı istehsalı artır, ixrac etməyə başlamışıq. Özü də çox keyfiyyətli zeytun yağıdır. Hesab edirəm ki, biz zeytunçuluğun inkişafı, zeytun yağının ixracı ilə bağlı dünya miqyasında öz dəyərli yerimizi tuturuq”, - deyə dövlət başçısı bildirib.