18 Oktyabr 2018 19:49
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında hazırlanıb, ancaq ölkəmizin mövqeləri yeni kriteriyalar üzrə də ümumilikdə müsbətdir. Dəyişikliklər ilbəil müsbətə doğrudur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ixtisasca iqtisadçı olan Azər Badamov deyib.
O qeyd edib ki, ölkəmizin reytinqinin yüksəlməsi birbaşa Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlarla əlaqədardır:
“Azərbaycan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirildiyi hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Bu, böyük göstəricidir. Azərbaycandan öndə olan ölkələrin iqtisadiyyatlarına baxsaq, görərik ki, bütün ölkələr inkişaf etmiş ölkələrdir. Azərbaycanın da belə bir mövqedə dayanması və ayrı-ayrı indikatorlar üzrə mövqelərimizin yaxşılaşması, müsbətə doğru getməsi təbii ki, ölkəmizin iqtisadi uğurudur. Ölkədə həyata keçirilməsinə başlanmış milli iqtisadiyyat və iqtisadiyyatın əsas 15 sektoru üzrə həyata Strateji Yol Xəritələri öz bəhrəsini verməkdədir. Bütün dövrlər üçün müəyyən edilmiş hədəflərin icrası, o hədəflərə nail olmağımız dünya reytinq təşkilatlarının hesabatlarında, o cümlədən Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında mövqelərimizin yaxşılaşmasına gətirib çıxarıb”.
A.Badamov qeyd edib ki, Azərbaycanın bu gün güclü, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilməsi hər bir vətəndaşı sevindirir:
“Bu o deməkdir ki, Azərbaycan hazırda dünya üçün, investorlar üçün cəlbedici məkana çevrilməkdədir. Düşünürəm ki, gələcək illərdə Azərbaycana yönələcək investisiyaların həcmi artacaq. Ölkəmizi böyük iqtisadi inkişaf gözləyir”.
Qeyd edək ki, oktyabrın 17-də Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər