10 Noyabr 2018 00:30
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb.

Bu barədə Teleqraf.com-a Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır:

"Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin böyük ehtimalla yaxın iki ildə başa çatacaq. Hazırda Bakı-Tbilisi-Qars layihəsinin davam etdirilməsi işləri görülür. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb".

Diplomat qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyəni Avropa ilə bağlayan hissədir:

"Hazırda BTQ ilə Qazaxıstandan Mersin limanına yükdaşıma həyata keçirilir. Bəzi yüklər Rusiyadan Türkiyə və Avropaya tədarük olunur. Gələcəkdə yükdaşıma həcminin nə qədər olacağını dəqiq demək çətindir, lakin deyə bilərəm ki, bütün potensialdan istifadə olunacaq".

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər