Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin və 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən bir sıra borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb.
Nazirliyin analitik-informasiya şöbəsindən Telqraf.com-a verilən məlumata görə, 13 saylı ƏVİ-nin əhatə dairəsinə daxil olan, Zaqatala şəhəri, V.İsmayılov küçəsində yerləşən “Zaqatala-Bazar-2” ATSC-nin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 7 040 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyıb. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 8 300 manat dəyərində mağaza və bərbərxana binası müvafiq qaydada siyahıya alınıb.
Həmin gün Zaqatala rayonun Göyəm kəndində yerləşən “Şahin” MMC-yə məxsus daş karxanasında da əmlak siyahıya alınıb. Müəssisənin 4 624 manat vergi borcunun təmin edilməsi məqsədilə obyektdəki 5 500 manatlıq daş sındıran avadanlıq və elektron idarəetmə qurğusu siyahıya alınıb.
11 saylı ƏVD-nin əhatə dairəsinə daxil olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi 14/A ünvanında yerləşən, fiziki şəxs Abduləzimova Cəmilə Elman qızına məxsus “Kosmos” və Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Rövşən Mabud oğluna məxsus “Ərəş” şadlıq saraylarında əmlakın siyahıya alınması tədbirləri keçirilib. C. Abduləzimovanın 2 717 manat, R. Məmmədovun isə 1 470 manat məbləğində vergi borclarının təmin edilməsi məqsədilə obyektlərdəki müvafiq olaraq 3 000 və 1 800 manat dəyərində məişət avadanlıqları və digər texniki avadanlıqlar müəyyən edilmiş qaydada siyahıya alınıb.
Departamentin əməkdaşları tərəfindən Bərdə şəhəri, A.Əhmədov küçəsində yerləşən, “Bərdə VİP Medical” stomatoloji mərkəzdə də əmlakın siyahıya alınması tədbirləri keçirilib, vergi ödəyicisinin 1 186 manat vergi borcu müqabilində onun 1700 manat məbləğində texniki ləvazimatlar müvafiq qaydada siyahıya alınıb.
Naibə