ABŞ-İran münasibətlərində yaranmış gərginlik getdikcə artır. İran rəsmiləri deyəsən, yersiz hədə-qorxunun faydasız olduğunu və vəziyyətin gerçəkdən ciddi şəkil aldığını dərk etməyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.
O qeyd edib ki, son günlər onların davranışında yumşalmanın əlamətləri görünməyə başlasa da olduqca təhlükəli vəziyyət yetişməkdədir:
“Hesab edirəm ki, ABŞ-İsrail cütlüyü artıq İrana qarşı hərbi əməliyyata başlamaq qərarını veriblər. Əgər bu qərar verilibsə, o halda İranın hər hansı formada yumşalması hərbi müdaxilənin qarşısını ala bilməyəcək. İran hərbi münaqişədən nə qədər qaçmağa çalışsa da onu bu münaqişəyə zorla çəkəcək yollar tapılacaq. Bundan öncə ABŞ bir çox ölkələrə, o cümlədən İraqa, Əfqanıstana da müxtəlif bəhanələrlə hərbi müdaxilələr etmişdi”.
F.Yusifov bildirib ki, əgər hərbi münaqişə baş verərsə, bu, regionda ölçüsü olmayan humanitar fəlakət yaradacaq:
“Unutmayaq ki, güclü iqtisadiyyatı və kifayət qədər böyük maliyyə resursları olan ölkəmiz 30 ilə yaxındır bir milyona qədər qaçqın və məcburi köçkünlərin problemlərini hələ tam çözüb qurtara bilməyib. İranda 80 milyon insan yaşayır ki, bunun da yarsına qədəri Azərbaycan türkləri, yəni bizim qardaşlarımızdır”.