Ukrayna Azərbaycan neftinin öz neft emalı zavodlarına (NEZ) çatdırılmasında maraqlıdır. Trend xəbər verir ki, bu barədə bazar ertəsi Bakıda brifinqdə Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib.
Onun sözlərinə görə, Azərbaycan neftinin tədarükünün təmin edilməsinin mümkün variantları müzakirələrin mövzusudur.
Prodan onu da qeyd edib ki, Ukrayna tərəfi energetika sahəsində Azərbaycanla dostluq əlaqələrini gələcəkdə də davam etdirmək niyyətindədir.
Bir müddət əvvəl Ukraynada Azərbaycandan enerji resurslarının Ukrayna ərazisi ilə tədarükü marşrutlarının yaradılması üzrə qrup ləğv olunub.
"Sarmatia" Beynəlxalq Boru Kəməri Müəssisəsinin (BBKM) baş direktoru Sergey Skripka bir müddət əvvəl Trend-ə bildirib ki, bu qərar dövlətin enerji əməkdaşlığı sahəsindəki siyasətinin dəyişdirilməsi ilə bağlı deyil və bu, müəssisənin işinə və Brodı-Plotsk (Adamova zastavası) neft kəmərinin tikintisi layihəsinin reallaşdırılmasına təsir etməyəcək.
Qrupun yaradılmasına dair qərar 2011-ci ildə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç tərəfindən qəbul edilib.
Hazırda "Sarmatia"nın iştirakçıları ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın "Georgian Oil and Gas Corporation Ltd." (GOGC), Ukraynanın "Ukrtransnaft", Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın AB Klaipedos Nafta" şirkətləridir. Əsas iştirakçıların hər birinin layihədə payı 24,75 faiz, Litva şirkətinin payı isə bir faiz təşkil edir.