Səudiyyə Ərəbistanının “Saudi Aramko” milli neft şirkəti 2019-cu ilin birinci yarısının nəticələrinə görə dünyanın ən gəlirli şirkəti olub.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, şirkətin xalis gəlirlərinin 46,9 milyard dollara qədər (12 faiz) azalmasına baxmayaraq, “Saudi Aramko” ən gəlirli neft şirkətidir. İlin birinci yarısında onun ümumi gəliri bir il bundan əvvəlki 167,68 milyard dollardan 163,88 milyard dollara qədər aşağı düşüb. Bununla belə, “Saudi Aramko”nun gəliri dünyanın digər iri neft korporasiyasının gəlirlərindən dəfələrlə çoxdur.
“Saudi Aramko” şirkətinin Baş direktoru Amin Naser bildirib ki, 2019-cu ilin birinci yarısında neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, şirkət sabit gəliri və güclü azad pul axınını təmin etməyə davam edib. Qeyd olunub ki, gəlirin azalması əsasən neftin orta satış qiymətinin bir barrel üçün 69 dollardan 66 dollara enməsi ilə əlaqədardır.
Şirkətin 2019-cu ilin altı ayında neft hasilatı sutkada 10 milyon barrel təşkil edib.