İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin istimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev sentyabrın 20-də təməl qoyulmuş Cənub Qaz Dəhlizi layihəsinin mühüm əhəmiyyətini vurğulayaraq, neft-qaz sahəsində iri infrastruktur layihələrinin icrasında Böyük Britaniyanın xüsusi rolunu qeyd edib.
Ölkədə makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şəraitin yaradıldığını vurğulayan Şahin Mustafayev Azərbaycanda Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini, hazırda Azərbaycanda 500 İngiltərə şirkətinin uğurla fəaliyyət göstərdiyini vurğulayıb, ölkələrimiz arasında infrastruktur, İKT, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Nazir Böyük Britaniya ilə əlaqələrin daha da genişləndirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılmasını təklif edib.
Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Lord Livinqston Azərbaycanın neft və qeyri-neft sektorlarının inkişafını, ÜDM-in sürətli artım tempini yüksək qiymətləndirmiş, hökumətlərarası birgə komissiyanın yaradılması təklifini dəstəklədiyini bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdıran Livinqston yaxın vaxtlarda Böyük Britaniyadan Azərbaycana biznes nümayəndə heyətinin gələcəyini qeyd edib.
Naibə