ABŞ çalxalanan neft bazarını sabitləşdirmək üçün Rusiya əleyhinə sanksiyalar tətbiq etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street” nəşrində yayımlanan məqalədə bildirilib.
ABŞ hökumətindəki mənbəyə istinad edən nəşr yazır ki, Vaşinqton Moskva ilə yanaşı, Ər-Riyadı (Səudiyyə Ərəbistanı) da gündəlik neft hasilatını azaltmağa məcbur etməyə çalışır. Amerikalılar bunun üçün diplomatik təzyiqlərdən istifadə etmək niyyətindədir.
Nəşrin məlumatına görə, ABŞ hökumətinə sanksiyaların Moskvaya təsir aləti kimi tətbiqi təklif olunub.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Amerikanın neft bazarına lazımi vaxtda müdaxilə etməyi planlaşdırdığını söyləyib.
Ötən günlərdə OPEK ölkələrinin neft hasilatının azaldılması və ya onun uzadılması ilə bağlı sazişin parametrlərinin dəyişdirilməsi barədə razılığa gələ bilməməsindən sonra neftin qiymətində kəskin azalma baş verir. Rusiya kartelin istehsalın azaldılması təklifini rədd edib və mövcud şərtləri qorumağı təklif edib.
Rusiyanın addımına cavab olaraq, Səudiyyə Ərəbistanı da gündəlik hasilatı azaltmayacağını açıqlayıb.