6 İyun 2020 09:53
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Mərkəzi Avrasiya regionunda transkontinental daşımalarda Azərbaycanın rolu: “Dəniz və qurunun birləşmə nöqtəsindən Qlobal Dəyər Zəncirinə” adlı vebkonfrans keçirilib.

Teleqraf.com Report-a istinadla xəbər verir ki, konfransın açılışını Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru Taleh Ziyadov edib.

Görüşün keçirilməsində məqsəd qlobal pandemiya dövründə ABŞ dövlət qurumları, eləcə də Amerika bizneslərinin Azərbaycan iqtisadiyyatı və biznes imkanları barədə davamlı məlumatlılığının təmin edilməsi olub.
Əsasən müzakirələrlə keçən görüşdə bir sıra ABŞ şirkətlərinin regional ofislərinin nümayəndələri, eləcə də ABŞ Ticarət Nazirliyi, ABŞ Ticarət Xidmətinin region üzrə məsul olan Türkiyə nümayəndəliyi, eləcə ABŞ və Azərbaycanın səfirliklərinin iqtisadi bölmələrinin əməkdaşları iştirak edib.

Müzakirələr əsasən Bakı limanının imkanları, perspektiv inkişaf istiqamətləri, Ələt qəsəbəsində yaradılan Azad İqtisadi Zonası, eləcə də ABŞ şirkətlərinin bu imkanlardan istifadə imkanları ətrafında aparılıb. T.Ziyadov yerli və xarici şirkətlərə təqdim olunan xidmətlər və güzəştlər barədə konfrans iştirakçılarına məlumat verib.

ABŞ rəsmiləri Amerika şirkətlərinin Ələt Azad İqtisadi Zonasına sərmayə yatırmağa hazır olduqlarını bildiriblər. T.Ziyadov öz növbəsində Azərbaycanın ABŞ şirkətləri üçün regional mərkəz ola biləcəyini bildirib, ölkənin həm coğrafi mövqeyinin, həm də mövcud infrastrukturunun buna imkan verdiyini vurğulayıb.

Qeyd edək ki, bu günə kimi Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Yusif Abdullayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Rüfət Atakişiyev Palatanın təşkilatçılığı ilə keçirilən onlayn görüşlərin qonağı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər