Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. ABŞ dollarına tələb iyunun 4-nə nisbətən 8 milyon ABŞ dolları və yaxud təxminən 17,9% artaraq 52,7 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Bank tələbin tam ödənildiyin bildirir.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Teleqraf.com-a dollara tələbin artımasının səbəblərini şərh edib.
O bildirib ki, karantinin ən sərt dövrü bitib: “Artıq şirkətlər, sahibkarlar, eləcə də vətəndaşlar fəaliyyətə başlayıb. Belə olan halda valyutaya ehtiyacı da artır. Kimi xaricə ödəniş edir, kimi son həftələr ərzində qazandığı pulunu xarici valyutaya çevirir, kimi də bank sistemindəki vəziyyəti görüb öz əmanətini çıxarır.
Faktiki olaraq xüsusi karantin rejimi martın 21-dən mayın 31-dək uzadılmışdı, məhdud fəaliyyət var idi. Buna görə dollara tələbat da yox idi. İndi fəaliyyət davam etdiyi üçün xarici valyutaya tələbat artıb”.
Əkrəm Həsənovun sözlərinə görə, dolların məzənnəsinin artma ehtimalı yoxdur: “Çünki həm neftin qiyməti artır, həm də valyuta ehtiyatları kifayət qədərdir. Yaxın vaxtlarda devalvasiya təhlükəsi yoxdur”.