14 İyul 2020 13:23
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, koronavirus pandemiyası il ərzində daha böyük və daha dərin qida böhranına səbəb ola bilər. BMT rəsmiləri dünyada ən yoxsul insanların əsas qida ehtiyacları ilə təhdid olunduğunu və yalnız ciddi tədbirlərlə bu böhranın qarşısının alına biləcəyini deyir. Təhlilçilərə görə, COVID-19 pandemiyası ərzaq tədarükü zəncirini qırıb.

İqtisadçı-ekspert Vüsalə Əhmədova Teleqraf.com-un sulların cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Vüsalə xanım, pandemiya qida məhsullarının süfrələrə çatmasını əngəlləyir. Qida tədarükü zəncirində logistika problemləri səbəbindən məhsulun yollarda xarab olma riski böyükdür. Sizcə, hərəkət planı necə olmalıdır?

- Qida tədarükü zəncirində qısa müddətdə prioritet məsələ istehsal prosesindən çox təchizat və logistika olmalıdır. Məlum olduğu kimi, pandemiya zamanı yaranan qeyri-müəyyənlik səbəbindən bir çox ölkə qida sistemlərinin dayanıqlığını təmin etmək üçün kənd təsərrüfatı və ərzaq məhsullarının ixracına ciddi məhdudiyyətlər tətbiq etdi.

Ölkələr arasında, o cümlədən, şəhərlərarası hərəkətliliyə gətirilən məhdudiyyətlər ilk növbədə logistik problemlərə səbəb oldu. Hər nə qədər qida logistikasına müəyyən güzəştlər olunsa da, məhdudiyyətlərin yaratdığı gecikmələr bir tərəfdən qida məhsullarının tarlalarda və ya yollarda tələf olmasına, digər tərəfdən də qiymətlərin yüksəlməsinə gətirib çıxardı. Əvvəllər Ebola və SARS epidemiyasının yayılması zamanı da bir çox ölkənin kənd təsərrüfatında ciddi geriləmələr yaşanmışdı.

Kənd təsərrüfatı tədarük zəncirinin ən zəif bəndi əsasən kiçik kənd təsərrüfatı istehsal müəssisələridir. Bu müəssisələrin fərqli tədarükçülərə və bazarlara çıxış imkanları olduqca məhduddur. Bu da başda təzə meyvə-tərəvəz olmaqla qida itkisinə səbəb olur və tədarükün davamlılığını risk altında qoyur. Dünya Qida Təşkilatı (FAO) xüsusilə kiçik miqyaslı fermerlərin istehsalı davam etdirə bilmələri üçün onların maliyyə dəstəyi və e-ticarət kanallarına çıxış imkanları ilə təmin edilməli olduğunu vurğulayır.

Hökumət isə kiçik müəssisələrin istehsal etdikləri məhsulları satın alaraq ehtiyat anbarlara toplanmasını təmin etməlidir.

İlk növbədə tədarük zəncirinin quruluşunda dəyişikliklər aparıla, riskləri minimuma endirmək məqsədilə tədarük zənciri şaxələndirilə və coğrafi müxtəliflik təmin oluna bilər. Mümkün ərazilərdə yerli alternativlər yaratmaq məqsədəuyğundur.

Rəqəmsal kanallar da tədarük zəncirinə daxil edilməli, zəncirin qısaldılması və səmərəliliyin artırılmasına üstünlük verilməlidir. Elektron ticarətin hazırkı böhran şəraitində qida tədarük zəncirində yer alması mütləqdir.

Karantin günlərində dünya miqyasında B2C e-ticarət və rəqəmsal marketlərdən istifadədə artım olduğunu müşahidə etdik. Ölkəmizdə də xüsusilə qida ticarəti üçün mobil bazarların tətbiqi önəmli olardı. E-ticarət sayəsində kiçik müəssisələr yeni bazarlara və daha geniş kütlələrə çıxış imkanı əldə edə bilər. Bu modellə tədarük zənciri qısaldılaraq risklərin minimuma enməsi təmin olunacaq.

Məsələn, ən böyük e-ticarət platforumlarından biri olan “Alibaba” ilk rəqəmsal bazarı 2003-cü ildə SARS epidemiyası zamanı başlatmışdı. COVID-19 pandemiyası dövründə isə fermerlərə dəstək olmaq məqsədilə satılmayan məhsullara bazar axtarışı üçün xüsusi fermer fondu və təzə kənd təsərrüfatı məhsulları üçün isə “yaşıl kanal” yaratdı.

- Pandemiyanın dünyada və Azərbaycanda qida təchizatı prosesinə təsiri necədir?

- Almanyanın Aclıqla Mübarizə Təşkilatı (Welthungerhilfe) dünya miqyasında açlıq problemi ilə qarşı-qarşıya qalan insan sayının yaxın zamanlarda bir milyarda yüksələcəyini vurğulayır. Təşkilatın 2019-cu il hesabatında dünyada təqribən 820 milyon insanın açlıqla üz-üzə olduğu qeyd olunur. COVİD-19 epidemiyasının yayılması, ardınca bir çox insanın işini itirməsi, ölkələrin iqtisadiyyatlarında yaşanan çöküş və qida məhsullarının qiymətlərində yüksəlmə aclıq problemini daha da dərinləşdirdi deyə bilərik.

BMT-nin xüsusi hesabatında koronavirus epidemiyasının indiyədək dünyada 250 milyondan çox insanı aclıqdan ölüm həddinə çatdırdığı qeyd olunur. Məlum olduğu kimi, pandemiya başlamazdan əvvəl BMT 2030-cu ilə qədər dünya miqyasında aşırı yoxsulluq və aclığı bitirmə hədəflərini açıqlamışdı. Pandemiya və ardınca yaşanan ağır iqtisadi böhran demək olar ki, bu hədəfləri də çökdürdü.

Koronavirusun digər viruslardan fərqi ondadır ki, həm şimal yarımkürəsi, həm də cənub yarımkürəsi ökələrini cənginə aldı, yəni eyni anda həm isti, həm də soyuq qütb ölkələrini vurdu. Virusun yayılmağa başladığı ilk günlərdən qida təchizat prosesinə mənfi yöndə təsir edəcəyi ehtimalı yüksək idi. Önümüzdəki bir il ərzində qida tədarük zənciri tamamilə qopa bilər.

ABŞ kimi kənd təsərrüfatı sektorunda özünü təmin edən ölkədə bu günədək ciddi problem müşahidə edilmədi. Supermarketlərdə məhsul çeşidlərində müəyyən qədər azalmalar olsa da, bu ölkədə ciddi qida çatışmazlığı yaşanmadı. Hazırda çox sayıda ölkə qida idxal və ixracına məhdudiyyətlər tətbiq edib. Dünyanın ən böyük düyü ixracatçısı olan Vyetnam mart ayından etibarən bütün düyü ixracını durdurdu. Myanmar və Kamboca da düyü ixracına məhdudiyyətlər tətbiq etdi. Dünyanın ən böyük buğda ixracatçısı olan Rusya iyul ayına qədər bütün taxıl ixracatını dayandırmışdı. Böyük buğda ixracatçıları olan Rumınya, Ukrayna və Qazaxıstan da satışları məhdudlaşdırdı. Tailand yumurta, Serbiya günəbaxan ixracına məhdudiyyətlər qoydu.

Bütün dünya üzrə hərəkət məhdudiyyəti və panika qida məhsullarının ehtiyat olaraq toplanmasına səbəb olur. Bu proses böhranı daha da dərinləşdirməkdədir. Məsələn, dünyanın ən böyük soya ixracatçısı olan Argentina başlıca soya ixrac sahələri üzrə yolları bağladı. Şərqi Avropa ölkələrindən mövsümlük işçilər gəlmədiyi üçün İspaniya, Almaniya, İtalya və Fransa kimi ölkələrdə tarlalarda məhsul toplanmadan qaldı. İngiltərə hökuməti ölkədəki işsiz əhalini mövsümlük çiyələk yığım prosesinə cəlb etdi, Hindistan işçi qıtlığı səbəbindən düyü ixracatına məhdudiyyət tətbiq etdi.

Hazırda bəzi məhdudiyyətlər götürülsə də, davam edən proteksionist yanaşma qlobal ərzaq qiymətlərində artıma səbəb olur.

Qida və su “müharibəsi” yaxınlaşır və biz bu prosesdə hələ ki, hazır deyilik. Təəssüf ki, torpaqlarımızın böyük əksəriyyəti ölü vəziyyətdədir. Azərbaycanın ümumi torpaq fondu 8,6 milyon hektar təşkil edir ki, bunun da cəmi 50%-i əkinə yararlı torpaq sahələridir. Torpaqların 40%-i erroziyaya uğrayıb. Dövlət Statistika Komitəsinin hesabatında bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi cəmi 1665,7 milyon hektar göstərilir.

Respublika ərazisinin 3,240 milyon hektarı,, yəni 37,4%-i istifadə olunmayan şoranlaşmış ərazilərdir. Heç olmasa, qalan 62,6%-i ərazilərimizdə ehtiyacımız olan bütün qida məhsullarını becərərək, qida tələbatımızı ödəyə bilərik. Azərbaycan bu prosesdə kənd təsərrüfatı istehsal potensialını nəzərə alaraq quracağı siyasətlə özünə kifayət edəcək istehsal strategiyası hazırlamalı və bunları davamlı dəstək mexanizmləri və stimulları ilə dəstəkləməlidir.

Bu vəziyyətdə Kənd Təsərrüfatı Nazirliyi tez bir zamanda hərəkətə keçməli, fermərlərin toxum, gübrə, texnika kimi əsas ehtiyacları təmin edilməli və fermerlərin əlindəki kənd təsərrüfatı məhsullarının tələf olmasına imkan verilmədən dövlət tərəfindən alınmalıdır. Kənd təsərrüfatına yararlı boş torpaqların fermerlərə pulsuz verilməsi də təşkil edilməlidir. Digər tərəfdən, regional və qlobal kənd təsərrüfatı qida təchizatı zəncirlərindəki imkanlar gözdən keçirilərək yeni fürsətləri dəyərləndirə bilər.

- Karantin rejimləri ərzaq və xammal təchizatı zəncirlərində hansı problemlərə yol açdı? Bu, qida istehsalına necə təsir etdi? Xüsusilə hansı məhsullarda problemlər yarandı?

- Aprel-may aylarında pandemiyayla birgə qida təchizat zəncirində gecikmələr yaşandı, hərəkət məhdudiyyəti fermerlərin və qida müəssisələrinin istehsalı ilə məşğul olmasına əngəl oldu. Gübrələrin, baytarlıq dərmanlarının və başqa vasitələrin idxalının dayanması isə digər tərəfdən kənd təsərrüfatı istehsalına öz təsirini göstərdi. Hazırkı qeyri-müəyyənlik hər sahədə riskləri artırmaqdadır. İnsanlar bu təcrid olunmuş vəziyyətin hələ nə qədər davam edəcəyini bilmədikləri üçün təbii olaraq qida ehtiyatı toplamaqda davam edirlər.

Qida təhlükəsizliyi ilk növbədə taxıl təhlükəsizliyidir. Taxıl ehtiyatları kifayət qədər olan ölkələr belə, ehtiyatlarını artırmaq üçün yollar axtarırlar. Əsas taxıl ixracatçısı olan ölkələr əllərindəki buğda, düyü, qarğıdalı kimi məhsulları özləri üçün saxlamağa üstünlük verirlər. Bu vəziyyət qlobal miqyasda taxıl çatışmazlığı riskini artırır.

Azərbaycanda əhalinin ərzaq buğdasına olan tələbatı ildə 1,7 milyon tondur. Dövlət rəsmiləri taxıla olan tələbatın 70%-nin yerli istehsal hesabına ödənildiyini qeyd etsə də, 2019/2020-ci mövsüm ilində Azərbaycan Rusiyadan 1,4 milyon ton taxıl idxal edib. 2020-ci il üçün Azərbaycanı taxıl problemi gözləməsə də, taxıl tələbatımızın tam olaraq yerli istehsal hesabına ödənmə yolları müəyyən edilməldir.

Kənd təsərrüfatı və qida sektorunda rəqəmsallaşma prosesinə keçid mütləqdir. Hazırda sektorda ikili struktur mövcuddur. Bir-iki iri müəssisə rəqəmsal texnologiyaları fəaliyyətlərinə inteqrasiya etdirsə də, çox sayda kiçik müəssisə rəqəmsal texnologiyalara qoşulmayıb. Davamlı kənd təsərrüfatı və rəqəmsal texnologiyalara keçid Azərbaycan üçün prioritet təşkil etməlidir. Məsələn, hansı məhsul hansı bölgədə hansı miqdarda istehsal edilməli; kənd təsərrüfatı məhsulları tədarük zəncirində hansı texnologiyaların istifadəsinə ütünlük verilməli; kiçik müəssisələrin rəqəmsal texnologiyalardan yararlanması necə təmin edilməlidir və s.

Kənd təsərrüfatı istehsalında ərazi üzrə müşahidələr aparılaraq, gübrələmə, dərmanlama, suvarma vaxtı və miqdarı kimi bir çox məlumat onlayn şəkildə fermerlərə ötürülərək məhsuldarlığın artırılması təmin oluna bilər. Bunlar həyata keçirilərsə, uzun tədarük zənciri qısaldılaraq qidaların məhv olmasının qarşısı alınar və qiymətlərin aşağı düşməsi təmin edilər. Rəqəmsallaşma rəqabət qabiliyyətini qorumaq üçün qaçınılmaz faktordur.

- Azərbaycanda artıq illərdir ki, yüksək ərzaq qiymətləri izlənilir. Təchizat zəncirindəki problemlər səbəbindən qiymətlər artır. Epidemiya qiymətlərə necə təsir etdi?

- Koronavirus həm istehsal, həm də logistika üzərində qeyri-müəyyənliklərə, tələb-təklif şoklarına səbəb olmaqdadır. Bilirik ki, kənd təsərrüfatı gübrə, toxum və pestisitlərdən asılıdır. İstehsalçılar bunlar olmadan istehsal həyata keçirə bilməzlər. Təchizat problemi sistemin bütövlükdə çökmə riskini artırır. Təchizat sistemində yaşanan problemlər səbəbindən market rəflərində ərzaq məhsullarında azalma və qiymət bahalaşması müşahidə edirik.

Əsas ərzaq məhsulları idxal edən ölkələrin taxıl tədarük etməyə başlaması ilə dünya taxıl qiymətində artım yaşandı. Məsələn, Misir səkkiz aylıq buğda ehtiyat planını ödəmək üçün Fransa və Rusyadan böyük miqdarlarda buğda satın aldı.

Pandemiya qida tədarük zəncirini həm tələb, həm də təklif baxımından çətin vəziyyətə saldığı üçün risklərə səbəb olur. Pandemiyanın başladığı ilk günlərdə un, makaron kimi istifadə müddəti uzun olan qida məhsullarında tələb artışına şahidlik etdik. Daha sonra isə uzun karantin günləri fəqrli məhsullara olan tələbdə artım yaratdı. Tələb və təklifdəki qeyri-müəyyənliklər, artan logistika problemləri, karantin səbəbindən tarlalarda yığılıb qalan məhsullar və idxalda gecikmələr məhsulların qiymətlərində sürətli artıma səbəb olmaqdadır.

Təəssüf ki, kənd təsərrüfatında idxaldan asılı olan ölkəmiz xammal baxımından da çətinliklərlə üzləşir. Bu da dolayısıyla son məhsul qiymətlərinin artmasına səbəb olur. Bu baxımdan hökumətimiz böhran siyasətini gözdən keçirərək qida ticarətinin davamlılığını təmin etməsi önəmlidir. Dövlət, xüsusən gömrükdə xammal axınını yavaşlatan vəziyyətin qarşısını almalıdır. Qısa müddətdə kiçik kənd təsərrüfatı istehsalçılarına yönəlik dəstək paketi açıqlanmalıdır.

Bütün növ ticarətin, o cümlədən də, ərzaq ticarətinin 90%-i dəniz yolu ilə həyata keçirilir. Sərhədlərin bağlı olması səbəbindən ticari gəmilər limanlara sərbəst şəkildə daxil ola bilmir. Limanlara məhdudiyyətlərin tətbiq edilməsi çox məntiqsiz görünür. Limanların bağlı qalması ticari baxımdan fəlakətə səbəb ola bilər. Dünya miqyasında hava karqo daşımalarında da 35%-dək azalma qeydə alınıb. Dünya üzrə buğdanın qiymətində 8%, düyünün qiymətində isə 25% artım oldu. Bu qiymət artımları, əlbəttə, ilk olaraq yoxsul ölkələrə ciddi təsir edəcək, xüsusilə də ərzaq idxalından asılı olan ölkələrə.

- Sizcə, yaxın və orta gələcəkdə ölkəmiz də ərzaq böhranı ilə üzləşə bilərmi? Özümüzü təmin etmək üçün nə etməliyik?

- Başlangıcda qlobal sağlıq problemi olaraq görünən COVİD-19 zamanla iqtisadi, sosial və siyasi miqyasda özünü göstərdi. Hazırda epidemiyanın təsirləri bütün sektorlara yayılmış vəziyyətdədir. Koronavirus epidemiyası dünya miqyasında ilk olaraq ərzaq təhlükəsizliyini risk altında qoyur. Qida Böhranları Qlobal Şəbəkəsinin 2020-ci il hesabatında 55 ölkədə 135 milyon insanın ərzaq təhlükəsizliyi baxımından böhran səviyyəsində olduğu, COVİD-19 epidemiyasının təsiri ilə vəziyyətin daha da ciddiləşdiyi vurğulanır.

Pandemiya dövründə istehlakçıların evlərində böyük ölçüdə ehtiyat qida məhsulları toplaması bir tələb partlamasına səbəb oldu. Beynəlxalq ticarət yavaşlayınca isə digər önəmli bir problem təklif çatışmazlığı və qiymət artışı yaşandı. Xammal çatışmazlığı isə qida istehsalçılarının təşvişə düşmələrinə səbəb olan bir digər problemdir.

Onu qeyd edim ki, COVİD-19 epidemiyası ilk deyil və son da olmayacaq. Gələcəkdə yaranacaq mümkün böhranlara yeni bir perspektivdə yanaşmamız tələb olunur. İlk növbədə qida təhlükəsizliyini təmin etməyə meyl göstərməli və buna görə də yerli istehsala daha çox diqqət ayırmalıyıq.

Pandemiya mövcud qida və kənd təsərrüfatı sistemini dəyişdirməmiz üçün bizə böyük fürsətlər verir. Əgər texnologiyada irəli gedə bilmiriksə, kənd təsərrüfatında dönüş edə bilərik. Bu fürsəti mütləq şəkildə dəyərləndirmək lazımdır. Sabah başqa problemlərin, məsələn, iqlim böhranının ortaya çıxmayacağına kim zəmanət verir? Ölkənin qida sistemi hazırkı və gələcəkdə yarana biləcək böhranlara qarşı davamlı olmalıdır.

Vahid idarəetmə sistemi və bərpaedici kənd təsərrüfatının tətbiqi üçün addımlar atılması mütləqdir. Həll yollarından biri də ərzaq icmalarının yaradılması ola bilər. İstehsalçıdan istehsal etdikləri hər bir məhsulu satın almaq üçün bir plan cızılmalı və bununla sistemin davamlı vəziyyətə gətirilməsi təmin edilməlidir.

Hazırkı vəziyyətdə təcili atacağımız ilk addım əgər kiçik də olsa, torpaq ərazimiz varsa, mikro səviyyədə əkin həyata keçirməkdir. Əlimizdə bir ovuc torpaq olsa belə, onun nə qədər qiymətli olduğunun fərqinə varmalıyıq. Bilirik ki, kəndlərdə yaşayan gənc əhalinin 90%-i iqtisadi səbəblərdən şəhərlərə axın etmiş vəziyyətdədir. Ən ucqar kəndlərdə məskunlaşan insanımız belə, sahib olduğu kiçik torpağı mütləq şəkildə əkməlidir.

Dünyanın bir çox ölkəsində, o cümlədən, Türkiyədə şəhərətrafı bağlarda permulturalizm prinsipləri əsasında həyata keçirilən əkinçilik toksik olmayan və bərpaedici kənd təsərrüfatı bizim üçün kifayət qədər yaxşı nümunə ola bilər. Şəhər əhalisinin bölgələrdən gələcək qidadan asılılığı milyonlarla insan üçün qida problemi yaratmaqdadır. Bələdiyyələr və QHT-lərlə əməkdaşlıq əsasında qurulacaq şəhər bağları ilə ölkəmizdə də şəhər əhalisinin ucuz və faydalı qidaya olan tələbatı təmin edilə bilər.

- Əhalinin qida ehtiyacını ödəmək üçün beynəlxalq qurumlar nə deyir?

- FAO 2050-ci ildə 10 milyarda çatacaq dünya əhalisinin qida ehtiyacını ödəmək üçün istehsalın təqribən 60% artırılmalı olduğunu, istehsal prosesinin isə təqribən 80%-nin yeni texnologiyalar əsasında həyata keçirilməli olduğunu bildirir. Bu istiqamətdə kənd təsərrüfatının intellektual idarəedilməsi önəmlidir.

İntellektual idarəetmə sistemi ilə proses rəqəmsallaşdırıla, fermerlər becərmə prosesindən yığım prosesinədək ən doğru informasiya ilə yönləndirilə bilərlər. Bu formada istehsal və keyfiyyətdə 20-25% artım təmin edilə, xammala isə 40-50% qənaət edilə bilər. İntellektual idarəetmə qida təhlükəsizliyi baxımından çox önəmlidir. Azərbaycan tezliklə kənd təsərrüfatı texnologiyaları siyasətini quraraq intellektual kənd təsərrüfatına keçidi təmin etməlidir.

- Belə bir məqamda idxal-ixrac gömrük siyasəti necə təşkil olunmalıdır?

- Ticarət kanallarının açıq olması çox vacibdir. Ərzaq idxal və ixracatçı ölkələri ticarətə əngəl olmayacaqlarına dair ortaq fikirə gəlməlidirlər. İxracat vergiləri və qadağaları daxil olmaqla bütün məhdudiyyətlər götürülməlidir. Bütün lazımi tibbi tədbirlər görüldükdən sonra ərzaq daşıyan gəmilərin sərbəst hərəkətinə şərait yaradılmalıdır.

Əlavə olaraq, gömrük vergilərinin müvəqqəti aşağı salınmasında fayda var. İdxal vergiləri aşağı salınaraq ən azından ərzaq istehsal səviyyəsi aşağı olan bizim kimi ölkələrdə qiymət artımının önünə keçilə bilər. Regional ticarət və logistika sahəsində çətinliklər aradan qaldırılmalıdır. Bu tədbirlərlə dünya miqyasında ərzaq qıtlığının önünə keçilməsi mümkündür. Taxıl idxalçıları qiymət artımının mənfi təsirlərini tarazlamaq üçün idxal və ya ƏDV-ni endirə bilərlər.

Dolayısıyla hökumətlər bir tərəfdən koronavirusla mübarizə apararkən, digər tərəfdən də qida istehsalında davamlılığı təmin etmək üçün hərəkətə keçməlidir.

Qida təhlükəsizliyi qədər qidanın etibarlılığı da önəmlidir. Pandemiyadan əvvəl mütəmadi olaraq orqanik, qablaşdırılmamış məhsul istehlakı yönündə təbliğat aparılırdısa, hazırda qablaşdırılmış qidalara daha çox üstünlük verilir. Bütün bunları nəzərə alaraq, beynəlxalq qida təhlükəsizliyi sistemlərinin öyrənilməsi, qida sənayesində işləyənlər üçün müvafiq kursların təşkil edilməsi tələb olunur.


Müəllif: Yeganə Oqtayqızı