12 Avqust 2020 12:02
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avqustun 14-dən sonra vətəndaşların bağlanan banklardakı əmanətləri qaytarılsa da, problem bitməyəcək”.

Bunu Teleqraf.com-a hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarı iki hissədən ibarətdir:

“Məlum olduğu kimi, üç bank (”AtaBank" ASC, “NBCBank” ASC və “AGBank” ASC) maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qoyulan qadağaya baxmayaraq, vətəndaşlardan əmanət qəbulunu davam etdirib. Bu banklar bağlanandan sonra Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qanunsuz hesab edərək onları kompensasiya etməkdən imtina edirdi. Konstitusiya Məhkəməsi qərarında bildirdi ki, təshih tədbirinin (əmanətlərin qəbuluna qadağanın) tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Qərar belə əsaslandırılmışdır ki, “maliyyə bazarlarına nəzarət orqanının banka tətbiq etdiyi təshih tədbiri ilə öz funksiyası bitmiş sayılmamalı və bu tədbirlərə bank tərəfindən əməl olunmasına da nəzarəti həyata keçirməlidir”. Yəni Mərkəzi Bank banklara elə nəzarət etməlidir ki, onlar onun qadağalarını pozaraq vətəndaşlardan əmanət qəbul etməsinlər. Bu kimi əmanətlər qaytarılacaq”.

Hüquqşünas deyir ki, qərarın ikinci hissəsi yalnız “AtaBank”la bağlıdır:

“Məlumdur ki, “AtaBank” ASC-nin bir filialı bağlananda oradakı əmanətləri öz daxili sistemində digər filialına ötürüb. Sistemində əmanətin qəbul tarixi kimi ötürülmə (miqrasiya) tarixi qeyd edilib. Buna görə də Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri kompensasiya etməkdən imtina edib (guya sonrakı tarixdə qorunan əmanət faizi artıq aşağı olub). Konstitusiya Məhkəməsi qərarında bu cür əmanətlərin sığortalı olduğunu qeyd edib və bu əmanətlər də qaytarılacaq”.

Əkrəm Həsənov qeyd edib ki, Konstitusiya Məhkəməsinə cavabı əvvəldən bəlli olan iki məsələ qoyulmuşdu:

“Hesab edirəm ki, burada xeyli başqa əsaslarla qaytarılmayan əmanətlər də var. Onların taleyi hələ ki məlum deyil. Konstitusiya Məhkəməsinin qərarı da bu haqda heç nə demir. Çünki Konstitusiya Məhkəməsinə bu barədə sorğu da edilməyib. Halbuki sözügedən banklarda əmanətçilərin digər problemləri də var. Məsələn, mövcud əmanətlər üzrə sonradan edilmiş əlavə yatırımları da Əmanətlərin Sığortalanması Fondu kompensasiya etmir. Yaxud da əmanətləri qaytarmırdılar ki, əvvəlcə krediti bağla. Halbuki qanuna görə, bu halda əvəzləşdirməlidirlər. Çox güman ki, bu əsaslar üzrə də əmanətlər qaytarılmayacaq. Digər problemlər olsa da, onlara dair Məhkəməyə sorğu edilməyib. Bu isə o deməkdir ki, əmanətini Fonddan ala bilməyən digər əmanətçilər özləri məhkəmələrə üz tutmalıdır”.

Ekspert deyir ki, qaytarılmayan əmanətlərin həcmi bilinmir:

“Çünki bu barədə statistika yoxdur və açıqlanmır da. Amma düşünürəm ki, bu qərar əsasında qaytarılacaq əmanət çoxdur. Əlbəttə ki, qalanlar qaytarılan əmanətlərlə müqayisədə elə də çox deyil. Amma hər bir halda söhbət 10 milyonlardan gedir”.

Qeyd edək ki, bu ilin birinci yarısında bağlanan 4 bankın əmanətçilərinin üzləşdiyi problem Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda müzakirə olunaraq, qərar çıxarılıb. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” qanunun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Mülki Məcəllənin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər