15 Sentyabr 2020 15:43
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mərkəzi Bank informasiya açıqlığı və şəffaflıq baxımından son 6 ayda 2 bəyəniləsi addım atdı: fiziki şəxslərin pul baratlarının və birbaşa investisiyaların qarşılıqlı axınının (ölkəyə daxil olan və ölkədən çıxan) coğrafi strukturunu tam açıqlamağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

O bildirib ki, Mərkəzi Bankın şəffaflıq istiqamətində görəsi hələ çox işi var: “Artıq hər rüb Azərbaycana hansı ölkədən nə qədər remitans və birbaşa sərmayə gəlir, eləcə də hansı ölkəyə Azərbaycandan nə qədər remitans və birbaşa investisiya gedir, maraqlanan hər kəs bu məlumatı onlayn əldə edə biləcək. Bütün dünyada mərkəzi banklar hər rübü maliyyə sabitliyi hesabatı açıqlayır, hər 3 ayda bir dəfə beynəlxalq investisiya mövqeyi barədə statistika yayır.

Başqa vacib məlumatların da detallı açıqlanması vacibdir: məsələn, tədiyyə balansının maliyyə hesabı üzrə məlumatların qalıq prinsipilə "xalis göstərici" əsasında deyil, aktivlər və öhdəliklər üzrə məcmu daxilolma və məcmu çıxış (Türkiyə nümunəsi) göstəriciləri əsasında yayılması lazımdır.

Verilən kreditlərin biznesin ölçüsünə (kiçik, orta, iri) görə açıqlanması da gərəklidir.

Manatın real effektiv məzənnəsinə dair aylıq göstəriciləri əsas ticarət partnyorlarının hər biri üzrə ayrılıqda açıqlamaq zəruridir.

Medianın daha peşəkar və müfəssəl yaza bilməsi üçün "xalis daxili aktivlər", "xalis xarici aktivlər" kimi göstəricilərə dair ümumi məlumatları deyil, onların təşkil edən elementlərin hər biri üzrə statistik göstəricilər və onların dinamikası hesabatlarda görünüməlidir”.

Rövşən Ağayev deyir ki, Mərkəzi Bankın analitik hesabatı üzrə göstəricilər qalıq prinsipi ilə deyil, qarşılıqlı öhdəliklər üzrə açıqlanmalıdır: “Məsələn, mərkəzi hökumətə xalis tələblər göstəricisi ilə yanaşı MB-nin hökumət, hökumətin isə MB qarşısında öhdəliklərinin həcmi hər ay açıqlanmalıdır. Bu siyahını uzatmaq da olar.

Hələ onu demirəm ki, son 2 ildə MB özünün illik hesabatının tam həcmini deyil, qısa icmalını açıqlamaq yolu tutdu. Əvvəlki təcrübəyə qayıtmaq lazımdır.

Şəffaflıq iqtisadi inkişafın ən təməl şərtlərdən biridir. Nə qədər peşəkar olursan ol, şəffaf deyilsənsə, ictimai faydan da olmayacaq, gördüyünü işlərin nəticəsi də”.


Müəllif: Yeganə Oqtayqızı