12 Oktyabr 2020 14:09
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 42,29 dollar təşkil edib. Ümumilikdə həftə ərzində Azərbaycan nefti 4,5 faiz bahalaşıb.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev qiymət artımını Teleqraf.com-a şərh edib.

O bildirib ki, Azərbaycan nefti yüngül neft vəsiləsinə aiddir: “Azərbaycan nefti emal edildikdən sonra ondan yüksək oktanlı benzin alınır. Benzin istehsalında ən keyfiyyətli xam neft markası "Azeri Light"dır. Əgər birjalarda neft məhsullarına tələbat artıbsa, bu zaman Azərbaycan neftinə tələbat artmış hesab olunacaq.

Ötən həftə ərzində "Azeri Light"ın ən yüksək göstərici 42,29 dollar təşkil edib. Bu, fuyçers qiymətlərdir. Yəni, fiziki bazarlardan fərqli qiymətlərdir. Neftin qiyməti neft emalı zavodlarının (NEZ) xam neftə olan tələbatına bağlıdır. Əgər açıq rəngli neft məhsullarına tələbat artarsa, qarşıdakı aylarda “qara qızıl”ın qiymətində müəyyən sıçrayışlar baş verəcək”.

Ekspert hesab edir ki, 2021-ci ildən etibarən neft məhsullarına olan tələbat pandemiya dövrü ilə müqayisədə artacaq: “Bu zaman neftin qiymətində müəyyən irəliləyişlər olacaq. Artıq ilin sonudur, turizm mövsümü başa çatıb, sərnişin aktivliyi aşağı səviyyədədir. Avropa, Asiya, eləcə də ABŞ-dakı NEZ-lər payız-qış mövsümü ilə əlaqəli texniki baxışa dayanıblar. Bu o deməkdir ki, onların emal güclərində xammalla yükləmə aşağı düşübdür. Ona görə də qısa müddətdə neftin qiymətində müəyyən dəyişikliklər ola bilər. İndiki şəraitdə hələ neftin qiymətində sıçrayışlar gözləmək doğru olmazdı”.

Mütəxəssis hazırda Aralıq dənizi enerji bazarlarına Liviya neftinin daxil olmasına da diqqət çəkib: “Artıq Liviyada sutkalıq neft hasilatı 700 min bareldir. Liviyanın 7 ada yüngül nefti Avropanın NEZ-rində əsas xammallardan sayılır. Buna görə də bazarlarda rəqabət bir az da güclənəcək.

Əgər dünya üzrə emal güclərində xammalla yüklənmə aşağı səviyyədədirsə, onda potensial neft ixrac edən dövlətlər ixrac həcmlərini artıracaqlar. Doğrudur, onlar üçün müəyyən edilmiş hasilat tavanını saxlayacaqlar, amma xam neft həcmlərinin böyük bir hissəsini ixraca yönəldəcəklər. Bu da bazarı təhdid atına alır”.

Analitik qeyd edib ki, Azərbaycan ərazisindən keçən enerji marşrutu dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas açar rolunu oynayır: “Azərbaycanın Qərbə doğru iki magistral neft kəmər uzanır. Biri Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri), digəri Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməridir. Həmçinin Azərbaycandan Gürcüstana çəkilən Hacıqabul-Qardabani qaz kəməri bu ölkənin daxili tələbatına yönəldilib. Bundan əlavə, Cənub Qaz Dəhlizində 2007-ci ildən fəaliyyət göstərən Bakı-Tbilisi-Ərzurum qaz kəməri də starteji əhəmiyyətlidir. Yəni, böyük enerji arteriyası çəkilən Gəncə, Yevlax, Goranboy, Naftalan kimi ərazilərin raket zərbələri altında qalması adıçəkilən enerji dəhlizini təhdid altına alır.

Azərbaycandan kənar bəzi ekspertlər KİV-lərə açıqlama verir ki, əraziyə atılan raket zərbələri Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəmərinə heç bir təsir edə bilməz. Onlar fikirlərini kəmərin torpağın 6-7 metr dərinlikdə olması ilə əsaslandırır. Amma bu, belə deyil. Kəmər boyunca xəttin təhlükəsizliyinə nəzarət edən həssas optik kabellər mövcuddur.

Digər tərəfdən, kəmərdə yükün sabit saxlanılması üçün koprosessor stansiyaları mövcuddur. Əgər bunlar hücuma məruz qalarsa, təbii ki, enerji dəhlizi təhlükə altına düşə bilər”.

Zəfər Vəliyev hesab edir ki, adıçəkilən kəmərlərə Azərbaycanın ixrac etdiyi neft və neft-qaz məhsulları layihəsi kimi baxmaq doğru deyil: “Bu kəmərlər, eyni zamanda bizim ixrac güclərimizdən istifadə edən digər dövlətlərin də ixrac imkanlarını məhdudlaşdırır. Burada Qazaxıstanın, Türkmənistanın və Rusiyanın adlarını çəkmək olar.

Məlumdur ki, “Luk Oil” Xəzər şelfindən hasil etdiyi neftin bir hissəsini Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri vasitəsi ilə dünya bazarına çıxarır. Türkmənistan və Qazaxıstan da uzun illərdir ki, Azərbaycanın ixrac güclərindən istifadə edir. Ermənistanın Azərbaycana qarşı silahlı aqressiyası bütövlükdə dünyanın enerji təhlükəsizliyini təhdid altına alır. Təbii ki, bu, qiymətlərə təsir edəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər