2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Cari ilin 9 ayında ölkəmizə gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 18,1 faizi Türkiyə, 8,3 faizi İran, 2,1 faizi Ukrayna,1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, 1,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1,0 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,7 faiz olmaqla Özbəkistan, İraq və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 78,7 faizini kişilər, 21,3 faizini qadınlar təşkil edib.
Cari ilin analoji dövründə Çindən gələnlərin sayı 14,0 dəfə, Cənubi Koreyadan – 12,2 dəfə, İsraildən – 9,2 dəfə, Polşadan – 9,0 dəfə, Yaponiyadan – 8,8 dəfə, İraqdan – 8,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,8 dəfə, Macarıstandan – 7,2 dəfə, Omandan və ABŞ-dan – 6,4 dəfə, Kanadadan və Birləşmiş Ərəb Əmirliklərindən – 6,3 dəfə, Fransadan – 5,7 dəfə, Almaniyadan və Türkmənistandan – 5,2 dəfə, Qətərdən – 5,1 dəfə, Niderlanddan – 5,0 dəfə, Böyük Britaniyadan – 4,9 dəfə, Qazaxıstandan – 4,5 dəfə, Pakistandan – 4,4 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,7 dəfə azalaraq 234,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,0 faizi dəmir yolu və avtomobil, 28,7 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3,9 dəfə azalaraq 1073,4 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9 faizi İrana, 27,7 faizi Gürcüstana, 19,5 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,5 dəfə azalıb.
2020-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 76,7 faizi dəmir yolu və avtomobil, 20,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.