2 Noyabr 2020 15:55
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada neftin qiymətində kəskin ucuzlaşma baş verib. Hazırda “Brent” markalı neftin bir bareli Londonun ICE birjasında 36,61 dollara, “Light” neftinin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 34,33 dollara satılır.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətinin kəskin ucuzlaşmasını Teleqraf.com-a şərh edib.

O bildirib ki, London qitələrarası birjasında dekabr ayı üçün neftin bir barelinin qiyməti 36.73 dollardır: “Noyabrın 2-də neftin qiymətində kəskin ucuzlaşma müşahidə olundu. Çünki cümə günü birjada keçirilən ticarət əməliyyatlarında neft 38.02 dollar səviyyəsində bağlanmışdı. Həftə ərzində birdən-birə təxminən 2 dollara qədər azalmaya şahid olduq. Bu gün ən aşağı qiymət 36.09 dollardır.

Neftin ucuzlaşmasının bir əsas səbəbi var. Oktyabrın 28-dən başlayaraq Avropanın əsas ölkələri bir-birinin ardınca karantin rejiminə keçdiklərini elan etdilər. Bu sıraya İtaliya, Böyük Britaniya, İspaniya, Portuqaliya, Almaniya, Avstriya və Çexiya daxildir. Bununla COVID-19 pandemiyasının ikinci dalğası reallaşdı. Yəni Avropa aprel ayındakı durumu noyabrda təkrar yaşayır. Bu da ötən həftə 41-42 dollar dəhlizində olan neftin qiymətlərinin birdən-birə 36 dollara qədər düşməsinə səbəb oldu”.

Analitik deyir ki, OPEC-in hansı addımlar atacağı hələlik məlum deyil: “Noyabrın sonu, dekabrın əvvəlində OPEC-in ənənəvi illik konfransı olacaq. Konfransda 2021-ci il yanvarın 1-dən etibarən hansı addımların atılacağı ilə bağlı qərar qəbul ediləcək.

Bundan öncəki qərarla bağlı fikirləşirdilər ki, artıq post-pandemiya dövrüdür və neft hasilatında gündəlik azalma 7.7 milyon bareldən 5.8 milyon barelə düşəcək. Yəni reallıqda neft hasil edən ölkələr istehsalı artıracaqlar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı gündəlik məlumatlarda yoluxma sayında kəskin artım müşahidə olunur. Artıq Azərbaycanda da gündəlik 1000-dən yuxarı yoluxma faktı qeydə alınır. Pandemiyanın ilk mərhələsində çox yaxşı nəticə göstərən qonşu Gürcüstan da yeni rekordlara imza atır. Artıq ikinci güclü dalğa gəlir. Ölkələr yenidən bağlanır və yenidən yanacağa tələbat azalır.

Vəziyyətdən çıxışın hansı zamanda baş verəcəyi hələlik bəlli deyil. Bu amil yanacağa və hasilata da təsir göstərir. Çünki heç kəs bilmir ki, nə qədər neft hasil ediləcək və çıxardığı məhsula bazarda tələbat hansı səviyyədə olacaq və sair”.

İlham Şaban hesab edir ki, OPEC gözləmə mövqeyi tutub hazırkı vəziyyəti 1 ay sonrakı iclasında müzakirəyə çıxarsa və ona qədər heç bir tədbir görməsə, neftin qiyməti 30 dollardan da aşağı düşə bilər: “Bir tərəfdən ölkələr ardıcıl olaraq karantin rejimini gücləndirəcək. Sərt tədbirlər tətbiq edən ölkələr sırasına yeni-yeni dövlətlərin daxil olması da qaçılmazdır. Bu da bazarda neqativ fon yaradacaq.

Digər tərəfdən, bazara hasilatın artması ilə bağlı informasiyalar daxil olacaq. Məsələn, sentyabr ayında Liviya kimi ölkə cəmi 100 min barel neft hasil edirdi, oktyabrın 20-nə qədər hasilatı 300 min barelə qədər artırdı. Artıq həftə sonunda elan etdilər ki, neft hasilatı 800 min barelə çatıb. Halbuki ilin axırında hasilatın 700 min barel olacağı gözlənilirdi. Yəni bazara kifayət qədər dəyişkən və gözlənilməz xəbərlər daxil olur”.

Neft bazarında baş verənlərin Azərbaycana təsirinə gəlincə, ekspert bildirib ki, ölkəmiz hasilatı OPEC+ formatı çərçivəsində kvotaya uyğun davam etdirir: “Bunu Azərbaycan Energetika Nazirliyinin aylıq açıqladığı hesabatlarda görmək mümkündür. Çox güman ki, bu həftə ərzində oktyabr ayındakı hasilat və ixrac həcmlərinin nə qədər olması ilə bağlı təfərrüatlı hesabat açıqlanacaq. Əgər statistikaya nəzər salsaq, ötən illə müqayisədə cari ilin sonuna 2.5 milyon ton neft hasilatımız azalmış olacaq. Yəni, ötən il 37.5 milyon ton neft hasil etmişdiksə, bu il bu göstərici 35 milyon ton ətrafında hasilat gözləyəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər