Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişənin tənzimlənməsi ilə əlaqədar birgə bəyanat imzalayıblar.
Teleqraf.com xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın müzəffər qələbəsi ilə bağlı açıqlama verib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan iqtisadi üstünlüyünü hərbi gücə, hərbi qələbəsini isə siyasi uğura çevirməyi bacardı: “Vətən müharibəsində Azərbaycan dünya döyüş tarixində yeniliklər etməklə yanaşı, həm də dünyada ilk dəfə olaraq onlayn qələbə aktına imza atdı. Ermənistan isə dünyada ilk dəfə onlayn kapitulyasiya edən ölkə oldu. İlham Əliyevin prezidentliyinin ilk ilində müdafiə büdcəsi cəmi 0,9 milyard manat olduğu halda, 2020-ci ildə bu göstərici 3,9 milyard manata yüksəlmişdi, Azərbaycan Ordusu dünyanın ən döyüş qabiliyyətli ordularından birinə çevrilib. Azərbaycanın Ali Baş Komandanı qələbə aktına imza atmaqla ölkəmizi regionda gücün bütün parametrləri – iqtisadi, siyasi və hərbi cəhətdən liderliyini bir daha təsdiqləmiş oldu. Azərbaycan regionun geopolitikasını və geoiqtisadiyyatını yenidən şəkilləndirir. Resurs müharibəsinə tab gətirə bilməyəcəyi əvvəlcədən proqnozlaşdırılan Ermənistana dəyən ziyanı isə bağlamaq üçün bu ölkəyə onilliklər lazım olacaq.
Vüsal Qasımlı onu da qeyd edib ki, Azərbaycan regionun geopolitik mənzərəsini dəyişmək üçün quru, su və hava üstünlüyünə malikdir: “ABŞ, Yaponiya və Fransanın dəniz doktrinasının nəzəri əsaslarını yaradan Mahan dəniz gücünün vacibliyini qeyd edirdi. Azərbaycan dəniz donanması, dənizdə neft-qaz hasilatı, dəniz infrastrukturu, Xəzərdə ən böyük limanı və Xüsusi İqtisadi Zonası ilə dəniz gücünü təsbit edib. Mackinder isə hesab edirdi ki, gücün mənbəyi qurudadır. Bu mənada Azərbaycanın Cənubi Qafqazda ərazisinin yarısına yaxınına, əhali və iqtisadiyyatın isə 2/3-ə qədərinə malik olması ölkənin quru gücünü göstərir. Hazırda Xəzər dənizi də nəzərə alınmaqla 160 min kvadrat kilometrdən artıq hava məkanına və 20 beynəlxalq hava dəhlizinə nəzarət edən Azərbaycan Cənubi Qafqazda ən böyük mülki hava infrastrukturuna, ən böyük təyyarə parkına, ən çox sayda süni peykə sahib olan ölkə kimi Vətən müharibəsində hərbi hava qüvvələrinin üstünlüyünü nümayiş etdirdi. Beləliklə, Azərbaycanın regional liderliyi hava-su-quru istiqamətlərdə komplektləşir”.
Vüsal Qasımlının sözlərinə görə, Qələbə aktına əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir: “Bu imkan verəcək ki, Azərbaycan regional nəqliyyat-logisitika qovşağı kimi mövqelərini daha da gücləndirsin və şaxələndirməni həyata keçirsin. Başqa tərəfdən isə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında yeni nəqliyyat kommunikasiyalarının inşası Naxçıvanın inkişafını daha da sürətləndirəcək. Ən əsası odur ki, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq”.
Vüsal Qasımlı deyib ki, Qələbə aktina əsasən işğaldan azad olunacaq Kəlbəcər, Laçın və Ağdam rayonlarının torpaq, meşə, su, yeraltı sərvətləri və digər resursları Azərbaycanın iqtisadi dövriyyəsinə cəlb olunacaq: “Artıq Azərbaycanın inzibati-ərazi bölgüsü və iqtisadi rayonlar üzrə bölgüsü əvvəllər işğal altında olan ərazilərdə də praktik tətbiq olunacaq. Azərbaycan post-konflikt dövrünün hazırlığına başlayır, “Böyük qayıdış”a uyğun olaraq kommunikasiyaların bərpası, iqtisadiyyatın qurulması, yaşayışın təmin edilməsi və həyatın canlandırılması baş verəcək. Post-konflikt dövründə Azərbaycanda sənaye, aqrar və xidmət sahələrinin inkişafı həm yeni resursların cəlb edilməsi, həm də səmərəliliyin artırılması hesabına təmin olunacaq”.
“Ali Baş Komandan və ordumuzun qələbəsi Azərbaycanda xalq-dövlət-ordu birliyini keyfiyyətcə yeni mərhələyə qaldırdı” - deyən Vüsal Qasımlının fikrincə, Prezident İlham Əliyevin ətrafında yaranan milli həmrəylik islahatların kompleks şəkildə davam etdirilməsinə zəmindir: “Bu bölgədə Azərbaycan daim güclü olmalıdır. Buna görə də üç güc - iqtisadiyyat, ordu və siyasət – bir yerdə olmalıdır”.