Ermənilərin 30 ilə yaxındır ki, talan etdiyi Azərbaycanın Kəlbəcər rayonu ərazisində Söyüdlü (Zod) qızıl yatağı ətrafında gərginlik qalmaqdadır. İşğalçı tərəf rayonu boşaltdıqdan sonra sərhədi dəyişərək, həmin əraziyə girişi dərmir darvaza ilə bağlamışdı. Yayılan məlumatlara görə, Azərbaycan hərbçiləri Söyüdlü kəndində post quraraq mədən ərazisində nəzarəti ələ alıb.
Son məlumatlara görə, Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar. Demarkasiya işlərinin bir hissəsi Azərbaycanın Kəlbəcər rayonunun Söyüdlü mədəninin ərazisində aparılır. Bundan sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələri hərbi bazaları göstərilən sərhədlərdə yerləşdiriləcək. Hələlik Söyüdlü mədəni ətrafında qeyri-müəyyənlik davam edir.
İqtisadçı-ekspert Akif Nəsirli Teleqraf.com-a açıqlamasında problemin iqtisadi tərəflərinə diqqəti çəkib. O bildirib ki, əvvəlki hesablamalara görə, Söyüdlü mədənində 6 ton qızıl ehtiyatı olub: “Əgər müasir texnologiyalarla qızıl emalına başlanılsa, həmin yatağın ehtiyatı bir neçə dəfə artar. İndiyə qədər köhnə texnologiya ilə yatağın 1 ton filiz kütləsindən 8-10 qram qızıl alınan hissəsində hasilat aparılırdı, amma müasir texnologiya yatağın 1 ton filiz kütləsindən 3 qram qızıl alınan hissəni də səmərəli hesab edir. Yəni, az qızıl istehsal olunan filiz kütləsi də səmərəli sayılır.
Bu baxımdan müasir texnologiya ilə hesablayanda Söyüdlü yatağının ehtiyatlarının təxminən 20 ton civarında olduğunu demək olar”.
İqtisadçı deyir ki, köhnə sərhədə görə, Söyüdlü yatağının üçdə biri Basarkeçər (Vardenis), təxminən üçdə ikisi isə Kəlbəcər rayonunun ərazisinə düşür: “Bu məlumatlar google xəritəsinə istinadən belədir. Sovetlər dönəmində də Söyüdlü kəndinin bir hissəsi Basarkeçər rayonuna aid olub.
Sözsüz ki, SSRİ dönəmində və SSRİ dağıldıqdan sonra işlənən xəritələrə uyğun olaraq rəsmi sərhədlərin dəqiqləşdirilməsi prosesi aparılacaq. Həmin ərazilər mübahisəli olduğuna görə bütün emal prosesi dayandırılıb. Əvvəllər bu qızıl yatağının Azərbaycanla Ermənistana düşən payları arasında dəmir qapılar olub. Bu qapı hamı üçün tanınan bir qapı idi. Amma ermənilər həmin kəndin sərhədini 5 kilometr Kəlbəcər rayonuna doğru dəyişib. Bunun da səbəbi odur ki, Söyüdlü mədəninin bütövlükdə Ermənistana qalmasını istəyirlər. Bu, mümkün olan iş deyil”.
Akif Nəsirli hesab edir ki, hazırda həmin ərazidə hərbiçilərin mübahisə aparmasının o qədər də önəmi yoxdur: “Bu məsələ müharibə və yaxud qarşıdurma səviyyəsində həll edilməyəcək. Beynəlxalq hüquq müstəvisində hər iki tərəfin anlaşması və Rusiya sülhməramlılarının ərazidə olması baxımından Rusiyanın da bu məsələdə iştirak edəcəyini düşünürəm. Hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının işidir, hərbi məsələ arxa plana keçməlidir. Razılaşdırılmalıdır ki, sərhəd əvvəl harada olubsa, həmin yerdə də olsun.
İki dövlət arasında sərhədlərin demarkasiyası beynəlxalq hüquq çərçivəsində müəyyən edilməlidir. Hər iki tərəf maraqlıdır ki, ona daha çox pay düşsün. Amma məsələ ədalət çərçivəsində həll olunmalıdır, sərhəd əvvəlki yerindən çəkilməlidir. Güman edirəm ki, bu yataqdan ermənilərə də pay düşəcəkdir.
Sovet dönəmində yataqdakı hasilat ümumi olub. Yəni, nə Azərbaycanın, nə də Ermənistanın hasilatı olub. İşğaldan sonra isə mədəndə hasilatı xarici təşkilatların vasitəsi ilə erməni tərəfi həyata keçirib”.