1 Dekabr 2020 17:10
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan üçün mühim strateji əhəmiyyət daşıyan Laçın rayonu yenidən bizdədir. 28 il öncə 264 vətəndaşımızın şəhid olduğu, 65 nəfərin girov düşdüyü və 103 sakinin əmək qabiliyyətini itirdiyi döyüşlərdən sonra Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra 66 minə yaxın Laçın sakinləri ölkəmizin 59 şəhər və rayonlarında məskunlaşdı. Bu gün artıq Laçın azaddır. Hamımızın gözü aydın olsun”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Laçın rayonu iqtisadi potensialına görə Azərbaycanda xüsusi seçilən bölgələrindəndir: “İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrindən hesab olunurdu.

İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin zəngin təbii ehtiyatlara malikdir. Rayonda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var”.

Vüqar Bayramov onu da bildirib ki, 28 illik işğal Laçın rayonun potensialından istifadəyə imkan verməyib: “Dövlət Statistika Komitəsinin məlumatına görə, Laçın rayonuna məxsus müəssisə və təşklatlarda 2019-cu ildə cəmi 27 milyon 326 min manatlıq məhsul istehsal olunub. İşğal nəticəsində Laçın rayonuna dəyən ziyan on milyard dollarla ölçülür. Artıq Laçın bizimdir. Bu dəfə daimi”.


Müəllif: Yeganə Oqtayqızı