Kolumbiya hökuməti ABŞ və İngiltərə kəşfiyyat xidmətlərinin məlumatlarına əsasən kəşfiyyat fəaliyyətində şübhəli bilinən iki rus diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kolumbiyanın “Tiempo” qəzeti yerli kəşfiyyatdakı mənbələrə istinadən yazıb.
Nəşrin mənbələrinə görə, rus diplomatlarını Kali şəhərində məlumat toplamaq üçün xeyli sayda insanı pulla agentura şəbəkəsinə daxil edib. İşə cəlb olunanların hərbi kəşfiyyatla yanaşı, mineral ehtiyatlarla bağlı məxfi məlumatlar və iqtisadi casusluqla məşğul olduqları iddia edilib.
Qəzetin yazdığına görə, ABŞ və İngiltərənin kəşfiyyat xidmətləri Kolumbiyadan şifrəli mesaj axınının artmasına diqqət çəkib. Qəzet iddia edir ki, bu xüsusi xidmət orqanlarının təqdim etdikləri dəlillər Prezident İvan Duke hökumətinin diplomatik demarş barədə qərar verməsi üçün “açar” olub.
Dünən Rusiya tərəfi buna cavab olaraq, Kolumbiyanın Moskvadakı səfirliyinin iki işçisini “persona non qrata” elan edib. Diplomatlar həmin gün Rusiya Federasiyasını tərk ediblər.
Rusiya bir neçə dəfə digər dövlətlərin daxili işlərinə müdaxilə ittihamlarını “əsassız” adlandırıb.