Prezident fərmanında əslində hər şey aydın şəkildə göstərilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban Prezident İlham Əliyevin SOCAR-la bağlı son fərmanı haqqında qeyd edib.
O, fərmanla bağlı fikirlərini sistemləşdirərək vurğulayıb:
1. SOCAR-ın indiyə kimi fəaliyyətinə qiymət verilib.
2. Qarşıda duran çağırışlar qeyd olunub, beynəlxalq öhdəliklərə sadiq qalmaqla bu məqsədlərə çatmaq üçün yeni idarəetmənin zəruriliyi göstərilib.
3. SOCAR-ın idarəedilməsində 2 yeni qurum yaradılır: SOCAR-ın Ümumi Yığıncağı və Müşahidə Şurası.
4. SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi AR Prezidentinə həvalə edilir.
5. SOCAR-ı yenidən təşkil etmək və ləğv etmək səlahiyyəti də AR Prezidentinə məxsusdur.
6. Müşahidə Şurası sədri və 6 üzvünü də dövlət başçısı təyin edir və vəzifələrindən azad edir.
7. SOCAR-ın Ümumi Yığıncağının idarəçiliyində Azərbaycan İnvestisiya Holdinqi də iştirak edir, amma bütün addımlarını AR Prezidenti ilə razılaşdırmaq şərti ilə.
8. AİH-nin icraçı direktoru Prezidentin sərəncamı ilə həm də SOCAR-ın Müşahidə Şurasının üzvü təyin olunub.
9. AİH-nin SOCAR-ın idarəçiliyində rolu bu şəkildə müəyyənləşdirilib:
- SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;
- SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
10. SOCAR-da Müşahidə Şurası yaradılıb.
Müşahidə Şurasının sədri: Mikayıl Cabbarov (iqtisadiyyat naziri)
Müşahidə Şurasının üzvləri:
Emin Hüseynov (Birinci vitse-prezidentinin köməkçisi)
İsrafil Məmmədov (Dövlət Neft Fondunun icraçı direktoru)
Elnur Soltanov (energetika nazirinin müavini)
Azər Bayramov (maliyyə nazirinin müavini)
Rövşən Nəcəf (iqtisadiyyat nazirinin müavini)
Ruslan Əlixanov (Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru).
11. Müşahidə Şurasına SOCAR-ın idarəçilində aşağıdakı səlahiyyətlər verilib:
- SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
- (Vacib): mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
- fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
- SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
- (Ən vacib): SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
12. Azərbaycan İnvestisiya Holdinqi 6 ay müddətində SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etməlidir.
13. AİH həmçinin beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin DİAQNOSTİKA (!) aparılmasını altı ay müddətində təmin etməlidir.
14. AİH diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir (təqribən 20 sentyabr 2021 -ci ilə proqnoz etmək olar, Neftçilər gününə).