“Azərbaycan Avropanın təbii qaz təchizatının şaxələndirilməsində iştirakçıya çevrilib. Fakt odur ki, ölkəmiz Xəzər hövzəsinin enerji ehtiyatlarının “qoca qitə”yə çatdırılmasına rəvac verib. Bu da “qoca qitə”nin, o cümlədən ABŞ-ın ömür boyu arzuladığı reallıq idi”.
Bunu Teleqraf.com-a İqtisad elmləri doktoru, professor, sabiq maliyyə nazir Fikrət Yusifov deyib.
O bildirib ki, Cənub Qaz Dəhlizi Azərbaycana iqtisadi dividentlər qədər siyasi dividentlər də qazandırır: “Bildiyimiz kimi bu layihə 4 seqmentdən ibarətdir – “Şahdəniz - 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP). Bu layihə sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malikdir. Fakt odur ki, Azərbaycan Avropanın qaz təchizatının şaxələndirilməsində iştirakçıya çevrilib.
Məlumdur ki, Avropa qaz ehtiyaclarını əsasən Rusiya üzərindən təmin edirdi. Rusiya zaman-zaman bu rıçaqlardan öz siyasi məqsədləri üçün istifadə edərək Avropanın qaz təchizatını siyasi alver alətinə çevirir. Buna görə Avropa və onun yaxın tərəfdaşı ABŞ Avropa İttifaqının qaz təchizatının şaxələndirilməsində olduqca maraqlı tərəfdir. Bu layihənin ərsəyə gəlməsini nə qədər istəməyən tərəflər və qonşular olsa da, ABŞ-ın, Avropa İttifaqının aparıcı ölkələrinin dəstəyi ilə layihə baş tutdu. Bu gün Azərbaycanın siyasi müstəvidəki çəkisinin indiki durumunu şərtləndirən əsas səbəblərindən biri də bu layihədir. Ölkəmiz bu müstəvidə öz çəkisini bir az da artırmış oldu”.
Fikrət Yusifov deyin ki, layihəbaşa çatsa da onun perspektivləri böyükdür: “Bildiyim qədərilə gələcəkdə bu seqmentin genişləndirilməsi, region ölkələrinin bu xətt vasitəsi ilə öz qaz ehtiyatlarını Avropa bazarlarına çıxarması gözlənilir. Bu yaxınlarda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Bu o deməkdir ki, qaz ehtiyatlarının həcminə görə dünyanın beş ölkəsindən biri olan Türkmənistan gələcəkdə öz qazının Avropaya çatdırılması planlarını reallaşdıra bilər. Bu layihə Azərbaycana maliyyə vəsaitləri ilə yanaşı, siyasi çəkisini artırıb siyasi dividentlər də qazandırır”.
İqtisadçı Cənub Qaz Dəhlizi layihəsinə ümumilikdə 40 milyard dollar investisiya yatırıldığına da diqqət çəkib: “Bu, regionda reallaşdırılan ən böyük layihədir. Hələ ki, XXI əsrdə dünyada belə böyük bir enerji layihəsi reallaşdırılmayıb. Enerji layihələrinin icrasında Türkiyə, Gürcüstan regional əməkdaşlıq edir. Türk qardaşlarımız nəinki qaz təchizatını şaxələndirərək Azərbaycan qazını əldə edirlər, eyni zamanda hər iki ölkənin dostluq münasibətləri daha da yaxınlaşır, iqtisadi əlaqələri böyüyür.
Türkiyənin bu məsələdə dəstəyi yetərincədir. Türkiyə olmasaydı, Azərbaycan Avropaya qazı necə çıxarardı? Bütün bunlar birgə səyin nəticəsində baş tutur. Layihə müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində dünyanın məşhur şirkətləri, eləcə də aparıcı ölkələr tərəfindən bu layihəyə reallaşdı. Çoxları üçün mümkünsüz görünən TAP layihəsi vasitəsilə artıq Azərbaycanın təbii qazı Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxır”.
TAP-ın illik gəlirinin nə qədər olacağına gəlincə, analitik konkret rəqəm söyləməyin mümkünsüz olduğunu söyləyib: “Çünki qlobal bazarlarda enerji qiymətləri dəyişilir. Təbii ki, burada söhbət milyardlarla dollar gəlirdən gedir. Bu da Neft Fondunda rezervlərin artmasına, eyni zamanda ölkəmizin maliyyə dayanıqlığının güclənməsinə xidmət edəcək. 1994-cü ildə bağladığımız "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri ilə (BTC) hasil olunan neft dünya bazarlarına çıxarılır. O vaxtlar neftin bir bareli 80, 100, hətta 180 dollar civarında tədarük olunurdu. Sonralar neftin bir bareli 30 dollara satılmağa başladı. Yəni qiymətlər oynayır, bu baxımdan gəlirləri qiymətləndirmək çətindir.
Pandemiya səbəbindən neftin qiymətləri kəskin şəkildə aşağı düşdü. Artıq dünya iqtisadiyyatında bir canlanma prosesi gedir. Hazırda neftin qiymətləri qırmızı xətti ötüb 70 dollara doğru irəliləyir. Hesab edirəm ki, fövqəladə bir hal baş verməsə, proseslər indiki axarla getsə, mart-aprel aylarında neftin qiyməti 70 dollar səviyyəsini ötə bilər”.