2 Mart 2021 15:56
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” təsdiq edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi qərar əsasən, artıq Azərbaycandan Türkiyəyə gətirilən bəzi ərzaq məhsulları rüsumsuz ticarət olunacaq.

Həmin məhsulların siyahısı da sazişdə öz əksini tapıb. Sənədə əsasən, Azərbaycandan gətiriləcək bəzi qida məhsullarının idxalı üçün nəzərdə tutulan tarif kvotalarının detalları belədir: müxtəlif pendir çeşidləri 100 ton, meyvə növləri 39 min ton, qara çay 300 ton, günəbaxan toxumu yağı 5 min ton, heyvan və bitki yağları 2 500 ton, şəkər və şəkər məhsulları 5 min ton, kakao və kakao preparatları 1 250 ton, meyvə-tərəvəz konservləri 750 ton, müxtəlif meyvə püresi 3 000 ton, alma şirəsi 2 000 ton və şərab 9 min hektolitr.

Qeyd edək ki, 2020-ci il fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdu.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 215,877 milyon dollar təşkil edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 65,411 milyon dollar çoxdur.

2021-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac 166,057 milyon dollar, Azərbaycandan idxal isə 49,82 milyon dollara bərabər olub.

İqtisadçı Natiq Cəfərli Preferensial Ticarət Sazişinin gələcək perspektivini və iki ölkəyə faydasını şərh edib. O bildirib ki, son günlər Türkiyə ilə Azərbaycan arasında 14 yeni müqavilə imzalanıb: “Bu müqavilələrinin əsas mahiyyəti ticarət dövriyyəsinin artırılmasıdır. Hətta Türkiyə tərəfdən belə bir hədəf də qoyulub ki, yaxın 2-3 il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatmalıdır. Bu, təqribən 3 dəfədən çox artım deməkdir. Bunun üçün qanunların, o cümlədən vergi və gömrük rüsumlarının sadələşdirilməsi lazımdır. İmzalan 14 müqavilə məhz bu hədəfə çatmağa xidmət edir.

İmzalanan sənəd konkret məhsulları qarşılıqlı ikiqat vergi tutmadan azad edir, həmçinin müəyyən vergi və gömrük güzəştlərini nəzərdə tutur. Eyni güzəştlər və qaydalar hər iki ölkədən gətirilən məhsullara tətbiq olunacaq. İki ölkə məhsullarının bir-birinin bazarında ticarət olunması ticarət dövriyyəsinin yüksəlməsinə səbəb olacaq. Nəzərə alsaq ki, Türkiyə 83 milyonluq bir bazara sahibdir, bu da yerli ixracatçılar üçün əlavə potensial yaradır”.

Ekspert hesab edir ki, yerli istehsalımız yeni-yeni fəaliyyətə başlayır və çoxçeşidli məhsul ixracatımız yoxdur: “İxrac olunan elə məhsul növləri var ki, onların Türkiyədə bazarını tapmaq çox çətin olacaq. Kənd təsərrüfatı məhsulları ilə Türkiyə bazarlarına çıxış əldə etmək çox çətin məsələdir. Çünki Türkiyə həm istehsalçı, həm də ixracatçı olaraq aqrar sektorda öncül ölkələrdən biridir.

Normal rəqabətli mühit şəraitində fəaliyyət göstərmək mümkün olsa, Azərbaycanda da Türkiyə məhsullarının qiyməti ucuzlaşa bilər. Əgər qarşılıqlı ticarətdə gömrük və vergi güzəştləri olacaqsa, daxili bazarda türk məhsullarının ucuzlaşmasına səbəb olmalıdır”.

Maraqlıdır, rüsumsuz ticarət Türkiyədə Azərbaycanın daha hansı məhsullarını cəlbedici edə bilər?

Natiq Cəfərli deyir ki, ölkəmizin növ və çeşid baxımından problemi var: “İxracatda cəmi 800-900 adda məhsul ixrac edə bilirik, amma idxalda 5 min adda məhsul var. Burada kifayət qədər böyük disbalans var. Ölkəmizin daxili istehsalı zəifdir. Amma belə müqavilələr daxili istehsalın artmasına imkan yaradır. Türkiyə bazarında aqrar sektorda rəqabət aparmaq çox çətin olacaq. Azərbaycanda hansı ixrac məhsulları varsa, Türkiyədə də eyni adda ixracat və istehsal məhsulları var.

Məsələn, Azərbaycanda aqrar sektorda öncül məhsul pomidordur. Analoji məhsulu Türkiyə də ən çox istehsal və ixrac edən ölkədir. Buna görə də hesab edirəm ki, ölkəmizin neft-kimya, gübrələr, şərabçılıq və digər sənaye məhsulları üzrə yüksək potensialı var. Nəticədə bu məhsulların ixracatı sürətlənə bilər, həm də həcmi artar. Doğrudur, Türkiyə bazarlarında Azərbaycan məhsullarının vergisi aşağı olacaq, amma qardaş ölkənin daxili bazarında spirtli içkilərin satış vergisi çox yüksəkdir. Bu, Azərbaycan məhsullarının daha baha satılmasına səbəb ola bilər.

Hər halda bəzi məhsulların gömrük rüsumundan azad olunduğunu nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan məhsullarının həcmi Türkiyə bazarında artacaq. Eyni zamanda Türkiyə məhsulları da Azərbaycan bazarında dominant rol oynayacaq. Bu, nəticə etibarilə ölkəmizin istehsalçılarına da bir çağırışdır. Onlar bu rəqabətə davam gətirməlidirlər, ölkə daxilində analoji məhsulların istehsalında geri qalmamalıdırlar. Ona görə də həm keyfiyyət, həm də qiymətlə bağlı türk məhsulları ilə rəqabət aparmağa məcburuq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər