29 Mart 2021 13:13
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da, bu dəhliz hələ də tam gücü ilə çalışmır. İlkin qiymətləndirmələrə görə, kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatında 10 milyard dollaradək xərc yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini də çətinləşdirirdi: “Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da, təchizatla bağlı investorların narahatçılıqları son günlər xeyili səngiyib və bu da “qara qızılın” birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub.

Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və o intervalda stabilləşməsi real görünmür”.

Vüqar Bayramov hesab edir ki, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artıracaq: “Qeyd edək ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir.

Beləliklə, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər