29 Mart 2021 15:54
3 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 4 aydır Qarabağda müharibə başa çatıb. İndiyədək bölgəyə investisiyaların qoyuluşunda əsasən yerli sahibkarların müraciətləri üstünlük təşkil edib. Bölgəyə xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulsa da, indiyədək bu istiqamətdə aktivlik demək olar ki, müşahidə olunmur.

Maraqlıdır, işğaldan azad olunmuş ərazilərdə xarici investorların aktivliyini təmin etmək üçün Azərbaycan hansı güzəştli təklif və əlavə imtiyazlar irəli sürə bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişli Teleqraf.com-a açıqlamasında artıq Qarabağda münaqişənin bitdiyini deyib: “İnvestorların gəlməsi üçün əsas təhlükə mənbəyi olan münaqişə dövrü arxada qalıb. Həm regionda sabitliyin bərqərar olması, həm də investisiyaların risksiz olaraq gəlməsi baxımından bu, çox böyük üstünlükdür. Münaqişənin bitməsi nəinki Qarabağa, bütövlükdə Cənubi Qafqaz regionuna gələn investisiyanın qarşısını alan böyük bir maneəni aradan qaldırmış oldu.

Növbəti mərhələdə ərazilərdə təhlükəsizliyin təmin olunması üçün minalardan təmizlənmə prosesi tam başa çatmalıdır. Çünki bu gün həmin ərazilərdə hərəkət etmək təhlükəlidir. Son dövrlərdə işğaldan azad edilən ərazilərdə 20 vətəndaşımız həlak olub, 70-dən çoxu yaralanıb. Bu onu deməyə əsas verir ki, ermənilər ərazidə həddən artıq çox mina basdırıb və Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmir. Ərazilərin minalardan təmizlənməsi üçün vaxt və vəsait tələb olunur.

Doğrudur, biz burada beynəlxalq əməkdaşlığı müşahidə edirik. Müxtəlif ölkələr Azərbaycanla bir yerdə bu işə start veriblər. Təbii ki, bu proses başa çatmalıdır. Çünki həmin ərazidə hər hansı müəssisə, fabrik və ya xidmət sahəsi açmaq üçün ilk növbədə təhlükəsizlik təmin olunmalıdır.

Növbəti mərhələdə məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdış prosesinə start verilməlidir. Çünki əraziyə investiyaların cəlb edilməsi və yeni müəssisələrin açılması işçi qüvvəsinə ehtiyac yaradacaq. İşçi qüvvəsinin təmin olunması üçün həmin bölgədə yaşayan insanların qayıdışı və onların yaşayışı aparılmalıdır”.

Deputat hazırda Zəngilan rayonunun ilk kəndinin inşasına start verildiyini vurğulayıb: “Bu, Azərbaycanın infrastruktur və inzibati cəhətdən gördüyü işlərin qısa mənzərəsini əks etdirir. Hökumət əraziyə daha çox investisiyanın cəlb edilməsi istiqamətdə müəyyən işlər aparır. Prezident tərəfindən qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasının hazırlanması və həyata keçirilməsinə 9 ay vaxt verilmişdi.

Bu müddət ərzində yeni strategiya hazırlanacaq. Yeni strategiya bu bölgəyə investisiyanın cəlb olunması baxımından yeni iqtisadi rejimin yaradılmasını, eyni zamanda vergi güzəştləri, dövlətin stimullaşdırma siyasətini və bütövlükdə dünya iqtisadiyyatında trend olan sahələrin inkişaf etdirilməsi ilə bağlı siyasət və tədbirləri hədəfləyir”.

Tahir Mirkişli hesab edir ki, hazırda investorların bölgəyə cəlb olunması üçün infrastruktur və kommunikasiyaların tam açılması mühüm məsələlərdən biridir: “Məlum olduğu kimi, Zəngilan-Mehri-Naxçıvan marşrut xəttinin bərpa olunması Qarabağ regionunun bütövlükdə Türkiyəyə və Avropa bazarlarına daha yaxın və daha ucuz çıxışını bərpa edəcək. Bu da öz növbəsində investorların Qarabağa gəlməsinə səbəb olacaq. Başqa sözlə, hüquqi və iqtisadi rejimin yaradılması, stimullaşdırma tədbirləri, vergi güzəştlərinin tətbiqi, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, eyni zamanda xarici investorlar üçün “vahid pəncərə” prinsipinin tətbiq olunması kifayət qədər böyük effekt verə bilər.

Çünki investorlar daha çox paket halında investisiyanın qoyulmasına üstünlük verirlər. Yəni bölgədə müxtəlif layihələr üzrə hazırlanan paket investiya proqramların xarici və daxili investorlar üçün açıq olması investisiyanın daha tez və daha şəffaf şəkildə axmasına imkan verəcək”.

İqtisadçı Rəşad Həsənov isə açıqlamasında sözügedən istiqamət üzrə vəziyyəti qiymətləndirməyin tez olduğunu deyib: “Ümumiyyətlə, həm bərpa planının hazırlanmasında, həm investisiya qoyuluşlarının istiqamətinin müəyyən edilməsində o qədər də tələsmək lazım deyil. Çünki birinci mərhələdə bölgənin minalardan təmizlənmə prosesi başa çatmalıdır. Eyni zamanda nə qədər sağlam, əsaslı, uzunmüddətli strategiyalar hazırlanarsa, o qədər effektiv və sağlam nəticələr verə bilər. Təməl nə qədər sağlam olarsa, prosesin sonunda o qədər uğur əldə etmək mümkündür.

Düşünürəm ki, hələlik bundan çox da narahat olmaq lazım deyil. Hesab edirəm ki, artıq xarici investorlar bölgəyə maraq göstərməyə başlayıblar. Böyük ehtimalla real olaraq bölgəyə xarici investisiya axını dayanıqlı sülh mesajlarından sonra gələcək. Çünki investisiya həssas bir məsələdir”.

Türkiyə investorlarının Qarabağa maraq göstərməsinə gəlincə, iqtisadçı burada situasiyanın fərqli olduğunu vurğulayıb: “Hökumətlərarası münasibətlər investisiyanın axınına müəyyən qədər təsir göstərə bilir. Bu prosesdə əsas infrastrukturun formalaşmasında türk şirkətlərinin birbaşa dövlət zəmanəti ilə cəlb edilməsi müşahidə olunur. Bundan sonrakı dövrdə birbaşa xarici investisiya axını məhz dayanıqlı sülh mesajlarından asılı olacaq.

Daha sonra bölgəyə investisiya qoyan sahibkarlar üçün güzəştlər verilməlidir. Həmçinin xüsusi iqtisadi zona prinsipləri tətbiq edilməlidir. Ümumiyyətlə, iqtisadi-siyasi konyunkturda fundamental dəyişikliklər edilməlidir. Hökumət təkcə Qarabağda deyil, ölkədə funksional islahatlarla bağlı mesajlarını xarici və yerli investorlara çatdıra bilməlidir. Burada riskin olmaması ilə bağlı məqamlar əksini tapmalıdır, məhkəmə sistemi, xüsusilə də mülkiyyət hüquqlarının qorunması vacib istiqamətlərdən biridir. Yəni hökumət nə qədər liberallaşacaqsa, bölgəyə xarici investisiya axını o qədər sürətlənəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər