12 Aprel 2021 13:34
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də turizmdir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.9 dəfə azalma deməkdir. Ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər həyata keçirib. Bu müddətdə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, COVİD-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi: “Bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, bu qaydaların dəyişdirilməsinə ehtiyac var. Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər.

Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu o deməkdir ki, bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz”.

Deputatın sözlərinə görə, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin ölkəmizə səfərinə icazə verilsin: “Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan bir sıra digər ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər