22 Aprel 2021 13:53
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici mütəxəssislərin iştirakı ilə torpaqlarımızın bir hissəsini 27 ildən çox işğalda saxlayan Ermənistanın vurduğu ziyanın hesablanması prosesi davam etdirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək:

“İşğalçı ölkə uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırım edib. Demək olar, bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıldılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir”.

Dəymiş ziyanın hesablanması üsullarına gəlincə, Vüqar Bayramov belə hallarda bir sıra üsullardan istifadə olunur: “Aparıcı beynəlxalq qurumların bu sahədə bir sıra metodoloji tövsiyələri var. Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir.

Əmlak və infrastruktura dəyən ziyan, insanların həyatının itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur.

Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur.

Bütün metodoloji dəyərləndirmələrə görə, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan sadəcə onun barbarcasına etdiyi dağıntılarla məhdudlaşmayacaq. Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda Ümumi Daxili Məhsula dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var.

Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq”.

Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyan nə qədərdir?

Analitik deyir ki, dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa belə, bu, milyard dollarlarla ölçülür: “Gözlənilir ki, konkret rəqəmlər qiymətləndirmə başa çatandan sonra ictimaiyyətə elan olunacaq. Prosesin beynəlxalq ekspertlərin iştirakı ilə aparılması elan olunacaq rəqəmə beynəxalq yanaşmada pozitiv təsir edəcək.

Qeyd edək ki, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququndan istifadə edəcək. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər