“Füzuli hava limanının tikintisi intensiv şəkildə davam etdirilir. Hazırda limanın enmə zolağının və yardımçı tikillilərin inşaatına 500-ə yaxın işçı cəlb olunub”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Depuatat hava limanında aparılan inşaat işləri ilə tanış olmaq üçün Füzuli şəhərinə getdiyini deyib: “Füzuli hava limanının texniki parametrləri artıq məlumdur. Hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş-enmə zolağı, 60 min kvadrat metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, yarımstansiya, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək.
Füzuli hava limanının əsas infrastrukturunun bu il sentyabrın 5-dək hazır olması gözlənilir. Bu ilin payızında hava limanı ilk uçuşları həyata keçirə biləcək”.
Füzuli hava limanın əhəmiyyəti nədir?
O bildirib ki, hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır: ”Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər.
Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq”.
Vüqar Bayramov hava limanının xüsusən beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir.
Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu, xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan da vacibdir”.