6 May 2021 10:18
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ehtiyacı olan aztəminatlı ailələrə istifadə müddətinə az qalmış məhsulların paylanılması nəzərdə tutulur. Bu məqsədilə ərzaq bankının yaradılması təklif olunur. Sahibkarlar bu təşəbbüslə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və PAŞA Bankın dəstəyilə "Qida tullantıları: problemin həlli yolları" mövzusunda keçirilən görüşdə çıxış ediblər.

Qeyd olunub ki, 2020-ci il və 2021-ci ilin ötən aylarında 7489 ton, 84 min dekalitr məhsulun məhv edilməsi, 92 min ton, 113 dekalitr məhsulun isə utilizasiyası barədə qərar çıxarılıb. Azərbaycanda qida itkisinin 14 faizini düyü, 12 faizini buğda, 10 faizini isə kartof təşkil edir.

Görüşdə qeyd olunub ki, hər il dünyada 1,3 milyard ton qida itirilir və ya israf edilir. Qida itkisi və tullantılarının dəyəri 680 milyard ABŞ dolları təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 310 milyard dollardır.

Məsələnin həlli yollarına gəldikdə, istifadə müddətinə az qalmış məhsulların yenidən istifadəsi, ərzaq bankının yaradılması, QHT-lərin köməyi ilə həmin ərzaq bankının ehtiyacı olan aztəminatlı ailələrə çatdırılması ilə bağlı təkliflər səsləndirilib.

Təklifi Teleqraf.com-a şərh edən iqtisadçı Akif Nəsirli təşəbbüsün qoyuluşunun müasir zamanın çağırışlarına cavab vermədiyini deyib: “Doğrudur, təklifdə maraqlı məqamlar var. Amma belə çıxır ki, ərzaq bankı tullantı kimi yığılan qida məhsullarını toplayıb sosial vəziyyəti yaxşı olmayan əhaliyə çatdıracaq. Məsələ burasındadır ki, vətəndaşlarımızın tullantı kimi atdığı ərzaq artıq keyfiyyətsiz hesab olunur. Onlardan bank yaratmaq və bu məhsulların təkrar emalı qida üçün yararlı ola bilməz. Bu məhsullardan başqa sahələrdə istifadə etmək olar, amma onu ərzaq təyinatı üzrə istifadə etmək düzgün deyil.

Bu gün ərzaq bankı, ərzaq proqramı kimi layihələr avtoritar rejimlərdə yaranır. Məsələn, keçmiş SSRİ, Şimali Koreya kimi dövlətlər təklif edir ki, ərzaq bankı yaradılsın. Əslində, irəliyə aparan çağırışlar, iqtisadi tendensiyalar dövlətin iqtisadiyyatdan əlini çəkməsinə tərəf gedir. Yəni, dövlət mümkün qədər kiçilməlidir və iqtisadiyyatı özəl sektorun öhdəsinə verməlidir. Bir sözlə, dövlət özəl sektoru “görünməz əl”lə – vergilər, bəzi aksiz dərəcələri və sairlə idarə etməlidir”.

Dövlətin pay götürmək səlahiyyəti var

Ekspert bildirib ki, ərzaq bankı məfhumu müasir dövrdə birmənalı qarşılanmır: “Əgər sözügedən bankı dövlət yaradacaqsa, onda dövlət yenidən iqtisadiyyata müdaxilə etməlidir və onun iqtisadi subyekt kimi iştirakı genişləndirməlidir. Müasir tendensiya dövləti iqtisadiyyatdan çəkinməyə çağırır. Məsələn, hazırda inkişaf etmiş ölkələrdə dövlətin iqtisadiyyata müdaxiləsi minimumdur. Dövlət yalnız o iqtisadiyyatın qazandığı bəhrələrdən - vergilər, faiz dərəcələri kimi vasitələrdən pay götürmək səlahiyyətinə malikdir. Amerikada, Yaponiyada, Çində dövlət iqtisadiyyata daha çox müdaxilə edir. Keçmiş postsovet məkanında ən böyük biznesmen dövlət idi. Bu isə müasir dövrün tələblərinə ziddir”.

Akif Nəsirlinin sözlərinə görə, ərzaq bankının yaranması təcrübəsi xarici ölkələrdə yoxdur: “İnkişaf etmiş ölkələrdə çox vaxt cəmiyyət fərdi və ya toplu şəkildə yardımlaşır. Köməyə ehtiyacı olan insanlara maddi cəhətdən imkanlı şəxslər dəstək göstərir. Bu nümunə Azərbaycanda da var. Amma sosial layihələrə ehtiyacı olan əhali üçün ərzaq bankının yaradılması modeli heç nəyə uyğun gəlmir.

Bu gün dünyada sosial yardıma ehtiyacı olan əhalinin ən böyük dəstəkçisi dövlətdir. Dövlət özəl sektordan yığdığı vergidən müəyyən büdcə formalaşdırıb aztəminatlı ailələrə yardım edir”.

Ailə iqtisadiyyatı

Analitik hesab edir ki, səslənən təklifdə qida israfı ilə bağlı faydalı məqamlar var: “Ortaya israf olunan ərzaq məhsullarını sosial təminatı aşağı olan ailələrə vermək fəlsəfəsi qoyurlar. Əslində, biz israfçılığın necə aradan qaldırmağın yollarını düşünməliyik. Bunun üçün Azərbaycanda ailə iqtisadiyyatı formalaşmalıdır. Buna ictimai təşkilatlar vasitəsilə, yaxud orta məktəblərdə tədris olunan "Həyat bilgisi" dərsliyinin yuxarı sinif variantını hazırlamaqla nail olmaq olar. İnkişaf etmiş ölkələrin vətəndaşları ailə iqtisadiyyatı barədə məlumatları müxtəlif mərhələlərdə alırlar. Hökumət QHT-lərə müxtəlif layihələr təklif edir ki, vətəndaşları ailə iqtisadiyyatını qurmaq istiqamətində maarifləndirsin.

Ailə büdcəsi olmalıdır. Əgər bir evdə 2 və ya 3 nəfər işləyən varsa, ailə üzvləri qazancını bir yerə yığmalıdır. Həmçinin qazanılan məbləğin müəyyən hissəsinin sərbəst xərclənməsi üçün də razılaşma olmalıdır. Amma pulun qalan hissəsi ailə büdcəsinə yığılmalıdır. Büdcənin gəlirləri bu cür formalaşır. Daha sonra büdcə xərcləri proqnozlaşdırılır. Ailə aylıq xərclədiyi vəsaiti yaddaş kitabçasında qeyd etməlidir. Yəni hər bir xərc maddəsi yazılmalıdır və ayın sonunda təhlil olunmalıdır. Səmərəsiz xərclər çıxarılmalı, faydalıları isə siyahıda qalmalıdır. Növbəti ayda həmin səmərəsiz xərclərə gedilmir.

Tutaq ki, şəxs 30 kiloqram kartof alır. Bir həftədən sonra qalan kartof ya cücərir, ya da boşalıb xarab olur. Baxmayaraq ki, çox məhsul alanda qiymətində endirim olur, amma növbəti ayda bu qədər kartof almaq olmaz.

Ailə iqtisadiyyatının modeli çox rəngarəng və mürəkkəbdir. Bu planlaşmanı hər ailənin gəlirinə uyğun modifikasiya etmək lazımdır. Elə ailələr var ki, gündəlik, bəzilərinin həftəlik, bəzilərinin də aylıq gəlirləri olur”.

Bazarlığın qızıl qaydaları

Müsahibimiz deyir ki, ailə bazarlığının qızıl qaydaları var: “Parlaq qablaşdırmaya aldanmaq olmaz, adətən, belə qablarda keyfiyyətsiz məhsullar yerləşdirirlər. Üzərində yazısı olmayan məhsulu almaqdan imtina etmək lazımdır. Bazarlığa gedərkən doyunca yeyib getmək lazımdır. Müşahidələr göstərir ki, ac bazarlıq edən insanlar israfçılığa yol verir. Tutaq ki, yarım kilo kolbasa əvəzinə, 3 kilo alır, yaxud 2 çörək əvəzinə, 5 müxtəlif çeşidli çörək alır. Çünki ac olanda fizioloji tələbatı artır.

Bazarlıq edərkən ehtiyacınız qədər almağa çalışın. Evdən çıxarkən alacağınız məhsulların siyahısı dəqiq tutun. Bu, əlavə məhsullar almağa, bazarlıq büdcəsinin şişməsinin qarşısını alacaq.

Ümumiyyətlə, ailə iqtisadiyyatı həm mədəniyyətdir, həm də israfın qarşısını alan çox güclü bir alətdir. Artıq qalan və ya istifadə müddətinə az qalmış məhsulları aztəminatlı ailələrə verilməsi qeyri-etikdir. Bu təklifi qəbul edə bilmirəm”.

Akif Nəsirli Azərbaycanda ərzaq tullantılar barədə araşdırma aparan xarici təşkilatların fərqli indikatorları olduğunu vurğulayıb: “Sorğu əsnasında onlar əhalidən qazancının neçə faizini ərzağa verdiyini soruşur. Məlum olur ki, ölkəmizdə əhalin 70 faizi maaşının 90 faizini ərzağa verir. Dərhal indikatorda qeyd olunur ki, əhali çox yeyir, əgər qazancının 90 faizini ərzağa veribsə, bu məhsulların 50 faizi tullantı kimi atılır. Halbuki ölkəmizdə median əməkhaqqı 343 manat təşkil edir. Amma xaricilər bunu başqa cür qiymətləndirir və şablon qəbul edir. Əgər biz 5 min avro əməkhaqqı alsaq və 90 faizini ərzağa xərcləsək, əlbəttə, aldığımız ərzağın 50 faizi tullantı olacaq. Amma biz 343 manat əməkhaqqı alırıq və 100 faizini ərzağa xərcləyirik. Bu da gödək yorğan kimidi, başımıza çəkirik ayağımız, ayığımıza çəkirik başımız açıq qalır...”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər