Dünyanın üçüncü ən böyük iqtisadiyyatı hesab edilən Yaponiyanın ümumi daxili məhsulu (ÜDM) 2021-ci ilin mart ayında sona çatan 2020-ci maliyyə ilində 4,6 faiz nisbətində azalıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Yaponiya Nazirlər Kabineti yayıb.
Bildirilir ki, bu günə qədər ölkə iqtisadiyyatında qeydə alınan ən böyük daralma COVID-19-un mənfi təsiri ilə müşahidə olunub.
Beləliklə, məlumatların tərtib olunmağa başladığı 1955-ci ildən sonra Yaponiya ən böyük daralma ilə qarşılaşıb.
Nazirlər Kabinetinin məlumatına görə, COVID-19 məhdudiyyətlərinin sıx olduğu 2020-ci maliyyə ilində xüsusi istehlak 6 faiz azalıb, mal və xidmətlər ixracatı 10,4 faiz düşüb.
Həmçinin xam neft və mayeləşdirilmiş təbii qaz qiymətlərindəki enişdən sonra ölkə idxalı 6,8 faiz azalıb.
Əsas xərclər 6,9 faiz, xüsusi mənzil investisiyaları 7,1 faiz azalıb. Dövlət investisiyaları 4 faiz, dövlət xərcləri isə 3,1 faiz artıb.
Hökumət 2021-ci ilin martında başlayan cari maliyyə ilində ümumi daxili məhsul gəlirinin 4 faiz artacağını təxmin edir.