Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Azərbaycandakı törəməsi - "Aramco Overseas Company Azərbaycan" MMC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.
Qeyd edək ki, “Aramco Overseas Company Azərbaycan” 2018-ci ildə 10 min avro nizamnamə kapitalı ilə yaradılıb.
Enerji sektoru üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, son 60-70 ildə Səudiyyə Ərəbistanının əsas fəaliyyəti neft emalı ilə bağlı olub: “2014-cü ildən bu günədək neft bazarlarında qeyri-müəyyən vəziyyət davam edir. Xəzər regionunda, Fars körfəzində, eləcə də bir çox coğrafiyalarda hasil olunan neftin satışında problemlər var.
Yaxın Şərqdə illərdir davam edən geosiyasi gərginlik ətraf ölkələrin neft ixracını təhdid altına alıb. Digər tərəfdən, 2050-ci ilə qədər yeni iqlim tələbləri çərçivəsində neft-qaz sektoru daim təhdid altında qalacaq. Bu baxımdan Səudiyyə Ərəbistanı və digər milli neft şirkətləri əlavə məsrəflərə yol verməməyə çalışırlar.
Daha çox xərclərin optimallaşdırılmasına üstünlük verirlər. Hesab edirəm ki, “Saudi Aramco”nun Azərbaycan bazarını tərk etməsinin səbəblərindən biri yeni iqlim tələblərinin gündəmə gəlməsidir. İkinci səbəb qarşıdakı illərdə neft məhsulları bazarlarının fəaliyyətinin qeyri-müəyyən şəraitdə davam etməsi ilə bağlıdır. Hər iki səbəb Səudiyyə Ərəbistanının Azərbaycandakı nümayəndəliyinin bağlanmasını şərtləndirib”.
Analoji addımı digər dövlətlərin milli neft şirkətləri də ata bilərmi?
Analitik deyir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) 2050-ci ilə hədəflənmiş dünyanın yeni enerji sistemi ilə bağlı ortaya qoyduğu yol xəritəsi özündə 7 sütunu, 400 aralıq addımı ehtiva edir: “Həmin planından görünür ki, qarşıdakı illərdə həm investisiya qurumları, həm dünyanın aparıcı bankları, həm də transmilli neft şirkətləri neft-qaz sektoruna yönələn investisiyalarda maraqlı olmayacaq. İlk addımı “BP” şirkəti atıb. Bu şirkət öz enerji portfelində ciddi dəyişikliklər edərək bəyan etdi ki, qarşıdakı illərdə yeni iqlim tələblərinə uyğun olaraq alternativ və bərpaolunan enerji mənbələrinə daha çox investisiya yönəldəcək.
Artıq “BP” sosial şəbəkələr üzərindən öz kadr bankını yaratmaqdadır. Alternativ və bərpaolunan enerji mənbələri üzrə mütəxəssislərin seçiminə başlayıb. Bunun ardınca “Total”, “ExxsonMobil”, “Royal Dutch Shell” kimi şirkətlər də analoji addımı atır. Bu şirkətlərin dünyanın neft-qaz sənayesinin inkişafında müstəsna xidmətləri olub. Yüz min illik tarixə malik neft-qaz sənayesinin bütün seqmentlərində ən qabaqcıl texnologiyaları məhz bu şirkətlər tətbiq ediblər.
Bu neft şirkətlərin aparıcı avtomobil istehsalçıları ilə də qarşılıqlı anlaşmaları olub. Yəni avtomobil istehsalçıları təkmilləşdirilmiş daxili yanma mühərrikləri qarşılığında bu şirkətlərdən daha keyfiyyətli, ekoloji təmiz yanacaq növləri, sürtgü materialları tələb edirdilər. İndi tələbat dəyişib. Hesab edirəm ki, qarşıdakı illərdə bu tendensiya ənənəvi xarakter alacaq.
Çünki həm enerji şirkətləri, həm beynəlxalq ictimaiyyət, həm də neft-qaz hasil və ixrac edən dövlətlər qlobal dünyanın yeni enerji erasına keçid ərəfəsində olduğunu etiraf etməlidirlər. Bu baxımdan qarşıdakı illərdə bütün dövlətlər daxili imkanlarına uyğun enerji təhlükəsizliyini qarşılamağa çalışacaqlar”.