16 İyun 2021 11:35
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Daha çox siyasi tərəfi müzakirə olunan və 15 iyunda imzalanan Şuşa bəyannaməsi təkcə Azərbaycanın deyil, Qafqazdakı hər 3 ölkənin iqtisadiyyatındakı inkişaf yolları, prioritetləri, balansları, istiqamətləri əsaslı şəkildə dəyişəcək tarixi bir sənəddir”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Elman Sadıqov deyib.

O bildirib ki, bu günə qədər iqtisadi sahədə düşünülən bir çox məqamlar unudularaq yeni gerçəkliklərə uyğun iqtisadi prioritet və istiqamətlər müəyyən ediləcək: “İdxal-ixrac və monetar siyasətlər, turizm, istehsal-emal sahələrində bir çox köhnə məsələlər arxada qalacaq, yeni gerçəkliklərin tələblərinə uyğun siyasət formalaşacaq.

Məşğulluq, valyuta kursu və inflyasiya ölkəmizin ən çox fokuslandığı 3 fundamental istiqamət olacaq. Yeri gəlmişkən, təkcə inflyasiyanı azaltmaq hədəfi güdən və yaxın müddət üçün keçici effekt verib orta və uzun müddətdə müxtəlif iqtisadi sahələrdə boğulma ilə nəticələnmə riski olan addımlar mövcuddur ki, bu addımı atan ölkələr dərin iqtisadi tələlərə düşə bilər.

Qalan istiqamətlər (idxal-ixrac, istehsal və sair) bu 3 fundamental istiqamətin həllinə xidmət edəcək alt kateqoriayalar, dəstəkləyici faktorlar və sair kimi xarakterizə oluna bilər.

Türkiyə iqtisadiyyatı indiyə qədər fokuslandığımız Rusiya iqtisadiyyatından köklü şəkildə fərqlənən, daha dərin, geniş, çox strukturlaşmış və formalaşmış bir iqtisadiyyatdır. Bu iqtisadiyyata yaxınlaşmaq üçün onu incəliyinə qədər öyrənmək kifayət etmir. Bu iqtisadiyyatın Azərbaycan iqtisadiyyatı ilə daha optimal, “win/win” (uduş/uduş) prinsipləri əsasında uzlaşma yollarının operativ və səmərəli şəkildə axtarılması, araşdırılması çox vacibdir”.

Analitik deyir ki, sadalanan istiqamət üzrə bir neçə təqdirəlayiq addımlar atılmaqdadır: “Bunlardan biri də Azərbaycanın tanınmış brendlərinin məşhur türk seriallarında reklamı vasitəsilə Türkiyə, Yaxın Şərq və dünya bazarlarına çıxarılmasıdır. Türkiyənin ən reytinqli məşhur seriallarından olan "Eşkiya dünyaya hükumdar olamaz"da Badamlının geniş reklamı oldu. Təqdirəlayiqdir. Biz hər iki iqtisadiyyatın təhlili və ortaq yollarının tapılması ilə üstünlükləri daha da artıra bilərik”.

Elman Sadıqovun qənaətincə, inkişaf etmiş ölkələrin əsas prinsiplərindən biri siyasətin iqtisadiyyata xidmət etməsidir: “Bu gün atılan siyasi addımlar əslində sabah formalaşacaq yeni iqtisadi əlaqə və istiqamətlərin, hətta haqqında çox danışılan yeni dünya sifarişinin əsasını qoyur.

Biz təkcə Türkiyə-Azərbaycan iqtisadi əlaqələri və yaxud regionda yaranması nəzərdə tutulan iqtisadi platformaların fonunda Azərbaycanın mövqeyini, əldə edəcəklərini, çağırış və riskləri deyil, həm də dünyada baş verən dəyişikliklər kontekstində ölkəmizin mövqeyini, qazancını düşünməli, çağırış və riskləri hər hansı eyforiya, ümumi və dayaz təhlillərdən uzaq tutamaqla həm geniş, həm dərin təhlil edərək düzgün nəticələr çıxarmalıyıq.

Bizi bu istiqamətlərdə gərgin və sürətlə həyata keçiriləcək iş və planlar gözləyir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər